SİYASƏT
Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilib
Bakı, 2 iyul, Pərvanə Rəhimova, AZƏRTAC
İyulun 2-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 239-cu ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalandığı gündür.
Azərbaycan-ABŞ münasibətlərindən danışan diplomat hər iki ölkənin birlikdə bir çox uğurlara nail olduqlarını söyləyib. ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini vurğulayan səfir iki ölkə arasında güclü tərəfdaşlığın olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, iki ölkə arasındakı mövcud dialoq qarşıda duran məsələlərin həll olunmasında bizə kömək edəcək.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Hökuməti adından Amerika xalqını milli bayram münasibətilə təbrik edib. Ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışan nazir müavini bildirib ki, ikitərəfli əlaqələr ötən illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində inkişaf edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında qlobal, regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə birgə əməkdaşlıq mövcuddur. Nazir müavini deyib ki, Cənubi Qafqazda sabitliyə mane olan Dağlıq Qarabağ münaqişəsinin həllində, regionda sülhün bərqərar olmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın öz səylərini artıracağına ümid edirik.
İ.İsmayılov birinci Avropa Oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Komitəsinə cəlb edilən amerikalı mütəxəssislərin fəaliyyətinin alqışlandığını bildirib.