ELM VƏ TƏHSİL
Bakıda ABŞ universitetləri məzunlarının təhsil sərgisi keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Azərbaycan Dillər Universitetində ABŞ-ın ölkəmizdəki səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “Amerika təhsili” (Education USA) mərkəzi tərəfindən “Məzunlar sərgisi” (Alumni fair) keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə ABŞ-ın iyirmidən çox unversiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. Sərginin təşkilinin məqsədi ABŞ-da təhsil almaq istəyənlərə bu ölkənin təhsil sistemi, əcnəbi gənclər üçün burada təhsil almaq imkanları barədə lazımi məlumatlar verməkdir.
Tədbirdə tələbələr, şagirdlər və valideynlər ABŞ-ın müxtəlif ali təhsil müəssisələrini bitirən azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onlarla fikir mübadiləsi aparıblar.
Sərgi iştirakçılarına buklet və broşürlər paylanılıb.