ELM VƏ TƏHSİL
Bakıda “Ədəbiyyat, incəsənət növlərinin qarşılıqlı inikası kontekstində” mövzusunda beynəlxalq konfrans
Oktyabrın 30-da Qərb Universitetində “Ədəbiyyat, incəsənət növlərinin qarşılıqlı inikası kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Qərb Universitetinin Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə təşkil etdiyi tədbirə Azərbaycanın elm xadimləri ilə yanaşı, Yaponiya, Rusiya, ABŞ, Kanada və İrandan olan alim və tədqiqatçılar qatılıblar.
Qərb Universitetinin rektoru, professor Zenfira Məmmədova beynəlxalq tədbirin əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.
Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova çıxışında belə konfransların keçirilməsini ölkədə elmin inkişafı baxımından yüksək qiymətləndirib. Bildirib ki, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər elmi qurumlar bu işə çox böyük önəm verirlər. Yalnız Təhsil Nazirliyinin xətti ilə ildə 90-dək elmi konfrans keçirilir. Dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin qatıldıqları konfranslarda bir çox məsələlərin birgə müzakirəsi elmin inkişafına təkan verir.
G.Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ölkədə aparılan təhsil islahatlarından danışıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Qərb Universitetinin kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova bildirib ki, beynəlxalq konfrans ədəbiyyat, musiqi və digər incəsənət növlərinin qarşılıqlı əlaqəsi sahəsində fənlərarası tədqiqatlara həsr olunub.
Sonra Muzeyin Qədim Musiqi Alətləri Ansamblının çıxışı iştirakçılar tərəfində maraqla qarşılanıb. Ansamblın bədii rəhbəri Əməkdar Artist Munis Şərifovdur.
Konfrans işini “Ədəbiyyat və musiqi”, “Azərbaycan mədəniyyətində musiqi və ədəbiyyatın qarşılıqlı əlaqələri”, “Ədəbiyyat, incəsənət və ədəbiyyatın təfsiri problemləri” və “İncəsənət növlərinin ümumiliyi” mövzusunda bölmə iclasları ilə davam etdirib.
İclaslarda “Ədəbiyyat və musiqinin qarşılıqlı əlaqələri təhlil obyekti kimi”, “Orta əsr İran əlyazmalarında musiqi alətləri”, ““Şur” dəstgahı və instrumental muğamında əruz vəzni” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.