MƏDƏNİYYƏT


Bakıda Əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalı keçirilir VİDEO

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabrın 21-də Bakıda Əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak edir.

Festivalda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev festivalın ikinci dəfədir ki, keçirildiyini və artıq ənənə halını aldığını deyib. Bildirilib ki, təbirdə yeddi ölkəni təmsil edən gənclər iştirak edirlər. İlk dəfə 2013-cü ildə təşkil olunan bu festivalın coğrafiyası qısa zamanda daha da genişlənib. Hazırda festivala 100 nəfər xaricdən, təxminən 200 gənc isə ölkəmizdən qatılıb. İ.Babayev qeyd edib ki, bu festival əlilliyi olan yaradıcı gənclərin öz potensiallarını nümayiş etdirmək üçün çox yaxşı məkandır. Festival təkcə gənclərin istedadlarının aşkara çıxarılmasına deyil, həm də ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

Nazir müavini diqqətə çatdırıb ki, festival günlərində gənclər yaradıcılığın müxtəlif istiqamətləri üzrə öz potensiallarını, bacarıqlarını nümayiş etdirəcəklər. Eyni zamanda, əlilliyi olan gənclərin problemlərini müzakirə etmək məqsədilə “dəyirmi masa” keçirilməsi nəzərdə tutulur.

MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktorunun müavini Elvira Dolya festival iştirakçılarına yeni dostlar qazanmağı, yeni yaradıcılıq planları və Bakıdan xoş təəssürat və xatirələrlə getməyi arzulayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə əlilliyi olan insanlara göstərilən diqqətdən, bu sahədə dövlət tərəfindən görülən işlərdən danışıb. Bildirilib ki, Azərbaycan BMT-nin əlillərin hüquqları haqqında konvensiyasını ratifikasiya edən ilk ölkələrdəndir. Nazir müavini vurğulayıb ki, son illərdə dövlətimizin başçısı tərəfindən bir neçə dövlət proqramı imzalanıb, əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi haqqında hüquqi normativ aktlar qəbul olunub. Əlillərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi istiqamətində çox mühüm, ciddi işlər görülüb.

Eyni zamanda, qeyd olunub ki, bu sahədə ölkəmiz, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərir.

N.Məmmədov növbəti festivalda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də təşkilatçılardan biri olmasını təklif edib.

Sonra iştirakçı ölkələrin təmsilçilərinin kompozisiyaları, mahnı və rəqsləri, həmçinin Azərbaycan sənətçilərinin çıxışları təqdim olunub.

Festival çərçivəsində əl işlərindən ibarət satış-sərgi təşkil edilib.

Qeyd edək ki, sentyabrın 24-dək davam edəcək festival çərçivəsində müsabiqə proqramları, ustad dərsləri, ekskursiyalar, “dəyirmi masa”lar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.