İQTİSADİYYAT


Bakıda Alman-Azərbaycan birgə müəssisəsi olan fasad məhsulları istehsalı zavodu açılıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində Alman-Azərbaycan birgə müəssisəsi olan fasad məhsulları istehsalı zavodu fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı media nümayəndələri üçün "Deutsche Fassaden Technologien" (DFT) zavoduna press-tur təşkil olunub.

Zavodun baş direktoru Vladimir Zabetski bildirib ki, DFT şirkəti dövlətin güzəştli kreditlərindən istifadə olunmaqla yaradılmış birgə müəssisədir. İllik istehsal gücü 60-80 min kvadratmetr olan zavod fasad məhsulları, qapı və pəncərə istehsalı ilə məşğul olur. Zavodun tikintisinə təqribən 70 milyon manat sərmayə qoyulub. Hazırda zavodda 50 nəfər çalışır, gələcəkdə işçilərin sayının 200-ə çatdırılması mümkün olacaq. İlkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə, gələcəkdə isə bu məhsulun qonşu bazarlara, xüsusən Gürcüstan və İrana ixracı nəzərdə tutulur. Məhsul istehsalı üçün xammal və texnologiyalar Almaniyadan gətirilir.

İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli qeyd edib ki, tikinti materiallarının istehsalı qeyri-neft sənayesinin prioritet istiqamətlərindəndir. "Deutsche Fassaden Technologien" zavodunun istifadəyə verilməsi yeni iş yerlərinin açılmasına və bu məhsulların idxalının azalmasına kömək edəcək. Ölkədə tikinti məhsullarının istehsalı daxili bazarın tələbatının ödənilməsi baxımından vacibdir. Həmçinin, bu sahənin inkişafı iqtisadiyyatın digər sahələrinin, o cümlədən plastik və rezin məmulatlarının istehsalı, kimya sənayesi, metallurgiya və s. sahələrin inkişafına stimul yaradır.

"Son illər Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində mühüm işlər görülüb, o cümlədən daxili tələbatın ödənilməsinə imkan verən sement istehsal gücləri qurulub. Bu ilin 8 ayında Azərbaycandan Gürcüstana təqribən 100 min ton sement klinkeri ixrac edilib", - deyə S.Bəşirli diqqətə çatdırıb.

Sonra media nümayəndələri zavodun fəaliyyəti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.