İQTİSADİYYAT
Bakıda AmCham pikniki təşkil olunub
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) Bakıda müxtəlif biznes seqmentlərinin nümayəndələrinin qeyri-rəsmi şəraitdə bir araya gəldiyi ənənəvi piknik təşkil edib. Tədbirin əsas sponsoru "PAŞA Bank" idi.
Bankdan AZƏRTAC-a bildiriblər ki, rəsmi hissədə Ticarət Palatasının, "PAŞA Bank"ın, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri çıxış ediblər. "PAŞA Bank"ın korporativ kommunikasiyalar departamentinin direktoru Sona Abbasova qeyd edib ki, bank artıq neçə illərdir ki, Ticarət Palatasının üzvüdür və bu tədbirin baş sponsorudur.
"PAŞA Bank" yerli sahibkarlığa, o cümlədən kiçik və orta biznesin dəstəklənməsinə böyük diqqət ayırır. Bu cür tədbirlərin keçirilməsi qeyri-rəsmi şəraitdə iş adamları arasında yeni işgüzar əlaqələrin inkişafını və "körpünün yaradılmasını" təmin edən amillərdən biridir", - deyə Sona Abbasova bildirib.
Qeyd edək ki, AmCham-ın keçirdiyi bu tədbir sayca 20-ci yubiley tədbiridir.