ELM VƏ TƏHSİL
Bakıda Amerika təhsil sərgisi keçirilib
ABŞ Dövlət Departamenti və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş sərginin məqsədi bütün maraq göstərən şəxsləri bir yerə toplayıb ABŞ universitetlərində təhsil almaq imkanları haqqında lazımi məlumatlar vermək olub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, tələbələr iştirak ediblər.
Təhsil sərgisində ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bildirib ki, bu sərgi ABŞ-da təhsil üçün böyük imkanlar yaradır. D.Hoqan deyib ki, sərgidə 10 ABŞ universiteti və digər ödənişsiz təhsil proqramları təmsil olunur və müxtəlif sahələr üzrə imkanlar təqdim edilir. Müvəqqəti işlər vəkili Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu diqqətə çatdırıb.
Sərgidə ABŞ universitetlərinin təmsilçiləri maraqlananları təhsil müəssisələrinin proqramları və fəaliyyətləri haqqında məlumatlandırıblar. İştirakçılara bununla bağlı bukletlər təqdim olunub, suallar cavablandırılıb.