SİYASƏT
Bakıda Argentinanın milli bayramı qeyd edilib
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Bakıda Argentinanın müstəqilliyinin 200-cü ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva ölkəsinin müstəqillik qazandıqdan sonra müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə mövcud əlaqələrdən danışıb. Bildirib ki, Argentina son illər Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından birinə çevrilib. Xalqlarımız arasında mədəni sahədə münasibətlər çox yaxşı səviyyədədir. Səfir iki ölkə arasında kənd təsərrüfatı sahəsində geniş əlaqələrin olduğunu bildirib, mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan hökuməti adından Argentina xalqını milli bayram münasibətilə təbrik edib. Ölkələrimiz arasında dostluq əlaqələrindən danışan nazir müavini Azərbaycan ilə Argentina arasında əlaqələrin yüksək səviyyədə olduğunu və əməkdaşlığın uğurla davam etdiyini söyləyib. O, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, siyasi əlaqələrimizin yüksək inkişaf səviyyəsi iqtisadi əməkdaşlığımızın genişlənməsinə də şərait yaradıb. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, iş adamları və işgüzar dairələr arasında əlaqələrin təşviqi məqsədilə birgə tədbirlərin, biznes forumların keçirilməsi sahəsində müsbət ənənə yaranıb. İqtisadi sahədə əlaqələrimizin mühüm istiqamətlərindən biri də investisiya sahəsində əməkdaşlıqdır. Nazir müavini ümidvar olduğunu bildirib ki, iki ölkə arasında əlaqələr bundan sonra daha yüksək templə inkişaf edəcək.
Sonra Argentinanın milli rəqslərindən ibarət kompozisiya nümayiş etdirilib.