İDMAN


Bakıda Avropa Atıcılıq Konfederasiyasının XXVI hesabat-seçki yığıncağı işə başlayıb YENİLƏNİB

Bakı, 21 iyul AZƏRTAC

İyulun 21-də Bakıda Avropa Atıcılıq Konfederasiyasının (ESC) XXVI hesabat-seçki yığıncağı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə 48 ölkədən nümayəndələrlə yanaşı, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya və baş katibi Frans Şrayber, ESC-nin prezidenti Vladimir Lisin iştirak ediblər.

Tədbirdə V.Lisin Konfederasiyanın dörd illik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Bundan başqa, ESC-nin rəyasət heyətinin və maliyyə bölməsinin hesabatları dinlənilib, Konfederasiyanın cari il üçün büdcəsi təsdiqlənib. İclasda, həmçinin üzvlük məsələlərinə baxılıb, üzv federasiyaların təklifləri, Avropa çempionatlarının işıqlandırılması, 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunları və s. ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətindən danışarkən bildirib ki, hesabat yığıncağında qəbul olunan qərarlardan biri də məhz gənclər üçün keçirilən çempionatların sayının artırılmasıdır. Bundan başqa, qəbul olunan qərarlar Olimpiya idman növü olan atıcılığın Azərbaycanda da sürətli inkişafına təkan verəcək.

Qeyd edək ki, ESC-nin XXVI hesabat-seçki yığıncağı işini iyulun 22-də davam etdirəcək. Hesabat-seçki yığıncağının ikinci günündə 2017-ci, 2018-ci və 2019-cu illərdə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələrin təşkilat komitələrinin hesabatları dinləniləcək. Həmçinin 2020-ci və 2021-ci illərdə keçiriləcək qitə birinciliklərinə ev sahibliyi edəcək ölkələrlə bağlı səsvermə keçiriləcək. Bundan başqa, iclasda ESC-nin prezidenti, vitse-prezidentləri, rəyasət heyətinin üzvləri müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.