SİYASƏT


Bakıda “Avropa Günü” qeyd edilmişdir

Bakı, 9 may (AzərTAc). Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə Bakıda mayın 9-da “Avropa Günü” qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, “Avropalı gəzintisi” adı altında “Azneft dairəsi”ndən başlayan yürüş Dənizkənarı Milli Parkdakı “Saat qülləsi”nə qədər davam etmişdir. Tədbirin əsas məqsədi Azərbaycanda düşüncə tərzindən, yaşından, cinsindən, irqindən, dini baxışlarından və siyasi mənsubiyyətindən asılı olmayaraq, hamının Avropa dəyərlərinə eyni qiymət verdiyini, eyni zamanda cəmiyyətimizin vahid Azərbaycan uğrunda həmrəyliyi mesajını dünya ictimaiyyətinə çatdırmaqdır.
Yürüşdə müxtəlif ali təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının və KİV-in nümayəndələri iştirak etmişlər. Əllərində Azərbaycanın Dövlət bayrağı ilə yanaşı, Avropa İttifaqına üzv ölkələrin, ATƏT-in və Avropa Şurasının bayraqlarını tutmuş gənclər havaya sülh rəmzi olaraq rəngli şarlar buraxmışlar.
Yürüş “Euronews” kanalı, BBC və digər telekanallar vasitəsilə yayımlanacaqdır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır