İQTİSADİYYAT
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes sammiti keçiriləcək
Bakı, 3 may, AZƏRTAC
Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə mayın 18-də "ADA" Universitetində 2-ci Avropa İttifaqı-Azərbaycan biznes sammiti keçiriləcək.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqı tərəfindən dəstəklənən bu sammitin əsas məqsədi Avropa İttifaqı və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaranmasına, onların bu platformada ölkədəki biznes mühiti haqqında müzakirələr aparmasına və etibarlı işgüzar münasibətlər qurmasına dəstək olmaqdır.
Bir günlük tədbirə panel müzakirələri, seminarlar, o cümlədən ikitərəfli görüşlərin keçirilməsi daxildir. Rəsmi açılış mərasimindən sonra Azərbaycan iqtisadiyyatının dörd perspektivli sahəsi üzrə (kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, turizm və biznes imkanları) panel danışıqları təşkil olunacaq. Panel müzakirələrindən sonra Avropa İttifaqı və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşlər baş tutacaq. Bu görüşlər iştirakçılara yeni biznes imkanları əldə etmək, yeni layihələrlə tanış olmaq və işgüzar şəbəkələrini güclü tərəfdaşlar ilə genişləndirmək üçün şərait yaradacaq.