İQTİSADİYYAT
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir
Bakı, 11 iyun (AZƏRTAC). İyunun 11-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, bank, səhiyyə, turizm, nəqliyyat, müxtəlif növ avadanlıq istehsalı, neft-kimya, enerji, maşınqayırma və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak etmişdir.
Biznes forumdan əvvəl Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Reyner Lindnerin başçılıq etdiyi Almaniyanın nümayəndə heyəti iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə N. Səfərov dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını, Azərbaycanda makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulamışdır. O bildirmişdir ki, hazırda Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır.
Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən N. Səfərov hazırda ölkəmizdə tikinti, bank, sığorta, nəqliyyat, sənaye, rabitə və ticarət sahəsində alman şirkətlərinin uğurla fəaliyyət göstərdiyini bildirmişdir.
Reyner Lindner iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat vermişdir.
Keçirilmiş biznes forumda AZPROMO-nun, Azərbaycan və Almaniya şirkətlərinin təqdimatları keçirilmiş, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.