İQTİSADİYYAT
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 220 sahibkar və menecer Almaniyada təlim və təcrübə keçib
“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icra olunduğu müddətdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 220 sahibkar və gənc menecer Almaniyada təlim və təcrübə keçib.
Bu barədə oktyabrın 31-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikasında biznes sahəsində kadrların hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda keçirilən II Beynəlxalq forumda məlumat verilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Zaur Qasımov çıxış edərək sahibkarlığın inkişafının ölkəmizdə sahibkarlığa geniş meydan verilməsinin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu qeyd edib. Z.Qasımov bu sahədə müxtəlif dövlət dəstəyi tədbirləri ilə yanaşı, sahibkarların maarifləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun iqtisadiyyatda rolu əhəmiyyətli dərəcədə artıb, ölkəmizdə güclü sahibkarlar təbəqəsi formalaşıb. Bu gün azərbaycanlı sahibkarların xarici tərəfdaşlarla işgüzar əlaqələrinin genişlənməsində 2009-cu ildən etibarən həyata keçirilən “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” da xüsusi önəm kəsb edir. Bu proqram çərçivəsində sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində iqtisadi kooperasiya üzrə ixtisasartırma kursu keçməklə beynəlxalq təcrübəyə yiyələnir və işgüzar əlaqələr yaradırlar.
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri barədə ətraflı məlumat verib, proqramın bu əlaqələrin inkişafında rolunu xüsusi vurğulayıb.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) layihələr üzrə rəhbəri Ronald Şults və başqaları çıxış edərək bu proqram və ixtisasartırma kurslarının uğurlu nəticələrindən danışıblar. Qeyd olunub ki, proqramın icra olunduğu müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 220 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn şəhərlərindəki müəssisələrdə təcrübə keçiblər. Bununla yanaşı, proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılıb və biznes müqavilələri imzalanıb.
Tədbir çərçivəsində üç panel iclas keçirilib. Azərbaycan-Almaniya iqtisadi kooperasiyası və xarici şirkətlərin Almaniya bazarına çıxış imkanlarına həsr olunmuş panel iclasda iqtisadi kooperasiya əlaqələrinin inkişafında həyata keçirilən proqramın rolu barədə müzakirələr aparılıb. Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində ixtisasartırma kursu keçmiş sahibkar və gənc menecerlərin təqdimatı keçirilib.
Digər panel iclaslarda isə sahibkar və gənc menecerlər üçün “Regional marketinq və brendin inkişafı”, “Avropa və alman logistikası – istehsalın yerləşdirilməsi şərtləri, tendensiyalar” mövzularında treninqlər təşkil olunub. GİZ-in ekspertləri Tobias Ramstötter, Yasen Butaşkov və Elçin Usub tərəfindən keçirilmiş təlimlərdə brendləşmə, regionlarda kiçik və orta müəssisələr üçün kollektiv brendləşmə imkanları, logistika sahəsində beynəlxalq təcrübə, alman logistikasının xüsusiyyətləri barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Forumda Almaniyada ixtisasartırma kursu keçmiş sahibkar və menecerlər çıxış edərək Azərbaycanda özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilib.