İQTİSADİYYAT


Bakıda “Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illiyi qeyd edilib

Bakı, 7 aprel, Ceyhun Alışlı, AZƏRTAC

Aprelin 7-də Bakıda “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) 10 illiyi münasibətilə “Azərbaycan-Avstriya Proqramı Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov çıxış edərək konfransın proqramı haqqında iştirakçılara ətraflı məlumat verib.

Tərəfdaş universitetlərin rəhbərlərinin və ölkəmizdə beynəlxalq proqramlar həyata keçirən ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi tədbirdə E.Aslanov ötən 10 ildə görülən işlər, reallaşdırılan layihələr və mövcud proqramın müsbət tərəflərindən danışıb.

Bildirilib ki, sözügedən proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb. Onlar hazırda beynəlxalq tələblərə cavab verən əmək bazarlarında layiqincə təmsil olunurlar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycan turizm sektorunda keyfiyyətli kadr təminatı” mövzusunda çıxışı dinlənilib.

Nazir proqramın önəmindən danışaraq deyib ki, proqram üzrə məzun olmuş tələbələr Azərbaycan turizm sənayesinə öz töhfələrini verməkdədir.

Ölkəmizdə turizm sənayesinin inkişaf istiqamətlərindən bəhs edən Ə.Qarayev bu proqram üzrə təhsil alan tələbələrin sayının artırılmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, dünyanın ən qabaqcıl proqramı olan AATP ötən 10 ildə çox işlər görüb.

Nazir qeyd edib ki, dövlət başçısı tərəfindən turizm sahəsinə göstərilən diqqət nəticəsində yaxın gələcəkdə regionlarda turizm peşə məktəblərinin sayının çoxaldılması nəzərdə tutulub. Nazirin sözlərinə görə, ölkəmizdə turizmin inkişaf tempi 24,9 faiz artıb. Azərbaycan turizmi ölkənin ümumdaxili məhsulunda 4 faiz paya malikdir. Beynəlxalq statistikanın qaydalarına uyğun olaraq 2025-ci ilədək Azərbaycan turizmi ümumdaxili məhsulun 8 faizini təşkil edəcək.

Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanda ali təhsildə beynəlxalq proqramların tətbiqi: nəticələr və perspektivlər” mövzusunda çıxış edib.

Ölkəmizdə təhsil sisteminin inkişafından danışan M.Cabbarov söyləyib ki, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması əsas amildir. Qeyd edib ki, təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdı.

Nazir deyib: “Hazırda ölkəmizin ali təhsil müəssisələrində Avropa Komissiyasının TEMPUS, ERASMUS plyus, HORİZON və digər təhsil proqramları çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin hər birinin məqsədləri vardır. Belə ki, Azərbaycanın bir neçə ali təhsil müəssisələri ilə Avropa ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının işlənilməsinə aid layihələr xüsusi yer tutur”.

Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer “Avstriya universitetlərində ikili diplom proqramları və AATP təcrübəsi” mövzusunda məruzəsində müasir təhsil sisteminin inkişaf istiqamətlərinə toxunub. H.Boyer rəhbəri olduğu ali təhsil ocağında turizm təhsilinin tədrisinə həsr olunmuş təqdimatla çıxış edib.

Sonra tədbir çərçivəsində AATP üzrə təhsil alan 156 tələbə ilə görüş keçirilib, maraq doğuran mövzular müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.