İQTİSADİYYAT
Bakıda Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi açılıb
Bakı, 17 dekabr, AZƏRTAC
"ELANEXPO" beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə dekabrın 17-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ("Azerbaijan International Real Estate & Investment Exhibition" (RECEXPO)) açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kipr Türk Respublikası və Cənubi Afrika Respublikasından 100-dən çox şirkət, o cümlədən yerli və beynəlxalq tikinti şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələr, seçilmiş daşınmaz əmlak firmaları, daşınmaz əmlak investorları iştirak edir.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Elnur Əsədov qeyd edib ki, bu, Azərbaycanda daşınmaz əmlak bazarı sektorunda ilk sərgidir. Bugünkü sərgidə daşınmaz əmlak bazarına investisiya qoymaq istəyən iş adamları, sərmayədarlar bir araya gələcəklər. Ziyarətçilər sərgidə nəhəng layihələri ilə iştirak edən ölkələrdə müxtəlif qiymətə satılan evlər barədə ətraflı məlumat ala biləcəklər.
Türkiyə-Azərbaycan münasibətlərinin çoxşaxəli və dərin tarixə malik olduğunu deyən Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas bildirib ki, iki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də iqtisadi əlaqələrdir. Türkiyə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. Azərbaycanın əksər bölgələri regionda əlverişli investisiya mərkəzi kimi qiymətləndirilir. Azərbaycandan Türkiyənin böyük şəhərlərində əmlak almaq istəyənlərin sayı ildən-ilə artır. Ziyarətçilər sərgidə təklif olunan evlərin qiymətlərində müəyyən endirimlərdən də yararlana biləcəklər. Ümid edirəm ki, bugünkü sərgidə təklif olunan layihələrdən hər kəs faydalana biləcək. Sərgi təmsil olunan ölkələrin nəhəng layihələrinin Azərbaycan sərmayəçilərinə tanıdılması üçün böyük fürsət olacaq, iş adamları üçün geniş imkanlar yaradacaq. Çalışacağıq ki, davamlı olaraq hər il Bakıda bu sərgini təşkil edək.
Sərginin mühüm iştirakçıları Gilan, Chıraq Plaza, Absheron City, Ağaoğlu, Quzu Qrup, Damak, Sinpaş, İş Gyo, Ege Tikinti, Meydanbey-Viatrans (Quasar), Consept, İstanbul, Daşınmaz əmlak Port, Pana Tikinti, Cebeci Qrup, Self İnvestment, Dənizkənarı Alanya, The First Group, Schioppa, Variant, Nova, Elite Group, Priyen, NewLife, NettoHomes, Domenika, Çapar Group, Miras Property, EceConstruction, Alhamra, Miracles, Noyanlar, SadadGlobal, Birləşmiş Real Estate, Yalçın Group, Yılmaz Turhan Construction, TGPİnvestment, Metro Atlas Georgia, Mürsəl Kahraman Construction şirkətləridir.
Dekabrın 19-dək davam edəcək sərgi saat 10-dan 18-dək ziyarətçilərə açıq olacaq.