İQTİSADİYYAT
Azərbaycan və Fransa Regionlararası Əməkdaşlıq Şurası yaradılacaq
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan ilə Fransa arasında əldə olunmuş razılığa əsasən, Regionlararası Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur. Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyi Şuranın yaradılması istiqamətində ardıcıl işlər həyata keçirir. Bu gün keçirilən Azərbaycan-Fransa işgüzar görüşü də Əməkdaşlıq Şurasının yaradılması baxımından əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova noyabrın 26-da Bakıda keçirilən Azərbaycan-Fransa işgüzar görüşündə deyib.
Nazir müavini bildirib ki, hər iki ölkə arasında geniş siyasi, iqtisadi, sosial, humanitar və mədəni əlaqələr uğurla inkişaf edir. Bu münasibətləri daha da genişləndirmək üçün mühüm amillər var. Bu amillər sırasında, ilk növbədə, iki ölkənin siyasi münasibətləri və inkişaf potensialları dayanır. Fransa şirkətləri ölkəmizdə geniş təmsil olunur. Ölkələrimiz əməkdaşlığın, o cümlədən regionlararası əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycanın 12 şəhəri ilə Fransanın 10 şəhəri və bir vilayəti arasında qardaşlaşma və əməkdaşlığa dair sənəd imzalanıb.
Tədbirdə Dağlıq Qarabağda fəaliyyət göstərən Fransa şirkətlərinin siyahısı, həmçinin ölkəmizin işğal olunmuş rayonları ilə qeyri-qanuni xartiyalar imzalamış Fransanın bəzi vilayət və şəhərlərinin siyahısı Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibinə təqdim olunub. Bunun beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanıb. Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin Regionların islahatları məsələləri üzə dövlət katibi Andre Vallini bu məlumatları Fransa hökumətinə çatdıracağını qeyd edib.
"Fransa Azərbaycan ilə əlaqələrinin daha da inkişaf etdirilməsinə maraqlıdır. Fransa tərəfi olaraq əməkdaşlığımızın daha da dərinləşməsi üçün bütün səylərimizi səfərbər edəcəyik. Ölkələrimiz arasındakı iqtisadi inkişaf regionlarımız arasındakı iqtisadi inkişafdan qaynaqlanır", - deyə Andre Vallini diqqətə çatdırıb.
Dövlət katibi, eyni zamanda, Azərbaycan və Fransa Regionlararası Əməkdaşlıq Şurasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. A.Vallini Fransanın bir sıra ölkələrlə bu cür əməkdaşlıq mexanizmlərinin yaradılmasında geniş təcrübəyə, müqavilə-hüquqi bazaya malik olduğunu bildirib.
Sonra Fransa Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf departamentinin nümayəndəsi Florian Varailin Regionlararası Əməkdaşlıq Şurasına dair təqdimatı dinlənilib.
Görüşdə regionlararası əməkşdalığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.