İQTİSADİYYAT
Bakıda Azərbaycan-İndoneziya biznes forumu keçirilmişdir
Bakı, 17 sentyabr (AZƏRTAC). İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirmə naziri Hatta Racasanın başçılığı ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində sentyabrın 17-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İndoneziya biznes forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İndoneziyanın Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ilə İndoneziyanın Ticarət və Sənaye Palatası, eləcə də Azərbaycanın “Gənc sahibkarlar şəbəkəsi” ilə İndoneziyanın “Gənc Sahibkarları Assosiasiyası” arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanmışdır.
AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov ölkəmizin iqtisadiyyatı, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat vermiş, İndoneziya şirkətlərini Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Tədbirdə iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmiş, Azərbaycanın biznes mühiti və investisiya potensialına dair təqdimat keçirilmiş, ölkəmiz haqqında videoçarx nümayiş olunmuşdur.
İndoneziya şirkətlərinin təqdimatı olmuş, fəaliyyət sahələri barədə məlumat verilmişdir.
Biznes forumda hər iki ölkənin nəqliyyat, dağ mədən sənayesi, turizm, daşınmaz əmlak, heyvandarlıq, bitkiçilik, balıqçılıq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişlər.