İQTİSADİYYAT


Bakıda Azərbaycan-İran işgüzar görüşü təşkil edilib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Avqustun 31-də Bakı Biznes Mərkəzində İran İslam Respublikasının Şimali Xorasan əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Məhəmməd Səmədinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran işgüzar görüşü keçirilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 80-dən çox yerli və İran şirkətlərinin nümayəndələri iştirak edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və İran arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, iş adamları arasında əlaqələrin inkişafı üçün birgə biznes forum, işgüzar görüş və sərgilərin təşkil olunduğunu qeyd edib. Şimali Xorasan əyalətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş bugünkü işgüzar görüşün də ölkələrimiz arasında əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirən Sahib Məmmədov İran sahibkarlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb.

Ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran səfir M.Pakayin yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini qeyd edib.

İranın Şimali Xorasan əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Məhəmməd Səmədi isə çıxışında Azərbaycan və İran arasında kənd təsərrüfatı, turizm, səhiyyə, əczaçılıq, minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalı kimi sahələrdə nəzərdə tutulan layihələrdən danışıb.

İşgüzar görüşdə, həmçinin AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib, iş adamları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.