İQTİSADİYYAT
Bakıda “Azərbaycan Respublikasının tranzit potensialının inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
Bakı, 13 oktyabr, Elvin Camalov, AZƏRTAC
Oktyabrın 13-də Bakıda “Azərbaycan Respublikasının tranzit potensialının inkişaf perspektivləri” mövzusunda Beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın işində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti Salman Babayev, “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Askar Mamin, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru-direktorlar şurasının sədri Mamuka Baxtadze, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, İran İslam Respublikasının dəmir yollarının prezidenti Möhsün Pur Seyid Ağayi, Türkiyə Dövlət dəmir yollarının baş direktoru Ömər Yıldız iştirak edib.
Tədbirdə çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib ki, Asiya və Avropa ölkələri arasında yerləşən Azərbaycan strateji cəhətdən çox əhəmiyyətlidir.
“Əvvəllər “Port Baku” əsas liman idi və bu liman şəhərin mərkəzində yerləşdiyi üçün inkişaf edə bilmirdi. Lakin 2007-ci ildən yeni liman kimi Ələt seçilib. Onun yeridə çox strateji nöqtədədir”,- deyə Taleh Ziyadov vurğulayıb. Artıq əsas məqsədlərdən birinin qeyri-neft sektorunu inkişaf etdirmək olduğunu xatırladan Taleh Ziyadov, qeyri-neft sektorunun inkişafında nəqliyyat dəhlizlərinin rolundan danışıb.
Konfransda iştirak edən qonaqlar “Azərbaycan Dəmir Yolları” – yeni inkişaf yolu, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi; Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində Rusiyanın rolu; Xəzər dənizinin Qərb sahili üzrə marşrutun üstünlükləri; Konteyner daşımaları; Şərq-Qərb dəhlizi; Açıq tariflər; Müştəri seçimi; Nəqliyyat-logistika infrastrukturunun rolu və regional inkişafı; Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin gələcəyi; Qəzvin-Rəşt-Astara sahəsinin tikintisinin başa çatdırılması; Bakı-Qars birləşdirici xətti – Gözləntilər və perspektivlər mövzusunda çıxışlar edib fikir mübadiləsi aparılıb.