ELM VƏ TƏHSİL


Bakıda Azərbaycan-Rumıniya Təhsil Forumu keçirilir

Bakı, 24 may, Xatirə Cəfərova, AZƏRTAC 

Mayın 24-də Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rumıniya Təhsil Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin prorektoru Fariz İsmayılov forumun əhəmiyyətini qeyd edib. Bildirilib ki, tədbirin təşkilinin əsas məqsədi azərbaycanlı tələbələri Rumıniyada təhsil imkanları ilə tanış etməkdir. Forum iki ölkənin təhsil sahəsində əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

Azərbaycan təhsil nazirinin müavini Firudun Qurbanov son illər Azərbaycan-Rumıniya təhsil əlaqələrinin daha da gücləndiyini bildirib. Nazir müavini Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin Rumıniyada təhsil aldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və bu dövlətin təhsili bizim üçün böyük maraq kəsb edir. Ali məktəblərdə Azərbaycan və rumın dillərinin tədrisinə önəm verilir. Bu forum iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsi üçün mühüm platforma olacaq.

Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşiv bildirib ki, Bakıda keçirilən Azərbaycan-Rumıniya Təhsil Forumu ölkələrimizdə təhsil sistemlərinin islahatı sahəsində təcrübə mübadiləsi üçün bir fürsətdir. Son illərdə Azərbaycan ali məktəblərində həyata keçirilən elmi layihələri yüksək qiymətləndırən Q. Paraşiv bildirib ki, bu tədbir ali məktəblər arasında dialoqa, birgə əməkdaşlığa imkanlar yaradacaq.

Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku iyunda iki ölkə arasında əlaqələrin qurulmasının 25 illiyinin qeyd ediləcəyini xatırladıb. Səfir bildirib ki, forumun təşkili universitetlərimiz arasında yeni əlaqələrin yaradılmasına səbəb olub.

Açılış mərasimindən sonra forum panel müzakirələrlə işini davam etdirib.

Daha sonra ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Tədbirin növbəti günü ixtisaslaşmaya uyğun olaraq Rumıniya ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycan universitetlərində olacaq, buradakı resurslarla əyani tanışlıq imkanı əldə edəcəklər.

Forum çərçivəsində F.Qurbanov və Q.Paraşiv arasında görüş keçirilib.

İki ölkənin ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.