CƏMİYYƏT
Bakıda Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının IX Konqresi işə başlayıb
Bakı, 27 may, AZƏRTAC
Bakıda Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının IX Konqresi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ortopedlər və Travmatoloqlar Assosiasiyasının prezidenti Yaşar Cəlilov tədbirdə çıxış edərək bildirib ki, forumun işində Türkiyə, Rusiya və Gürcüstandan aparıcı ekspertlər iştirak edirlər. İkigünlük konqres çərçivəsində mütəxəssislərin travmatologiya və ortopediyanın aktual problemləri, travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, travmatologiya və ortopediyada innovativ texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya və s.), dayaq-hərəkət sistemi xəstəlikləri zamanı şüa diaqnostikası barədə məruzələri dinləniləcək. Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyası Beynəlxalq Ortoped-Travmatoloqlar Assosiasiyasının (SICOT) və Avropa Cərrah-Ortopedlər Assosiasiyasının üzvüdür. Onun sözlərinə görə, Assosiasiya üzvlərinin SICOT-un ənənəvi konqreslərində iştirakı ölkəmizdə ixtisaslaşmış tibbi yardımın keyfiyyətinin artmasına və tibbin inkişafına şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Rufiz Qonaqov və digər natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb müəssislərinin yenidən qurulması prosesi geniş vüsət alıb. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün ayrı-ayrı səhiyyə sahələrində dövlət proqramlarının rolu vurğulanıb. Bundan əlavə, son illər tibbi kadrların, o cümlədən travmatoloq və ortopedlərin hazırlanması sahəsində ciddi nailiyyətlər əldə edilib.
Tədbirdə travmatologiya və ortopediya sahəsində problemlər barədə məruzələr dinlənilib, tibbin bu sahəsinin mütəxəssislərinin nailiyyətləri və problemləri müzakirə edilib.
Konqres mayın 28-də başa çatacaq.