İQTİSADİYYAT
Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüşü keçirilib [YENİLƏNİB] VİDEO
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüşü keçirilib. Tədbir Türkiyənin İKT sahəsində fəaliyyət göstərən 12 nüfuzlu şirkətdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında İKT sahəsində əməkdaşlıq üçün ciddi potensialın mövcud olduğunu deyən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Azərbaycan ilə Türkiyə arasında İKT, xüsusən də yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. İKT şirkətlərimiz birləşərək birgə tərəfdaşlıq vasitəsilə beynəlxalq bazarlarda qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər. Bu da ölkəmizə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, məhsullarımızın xarici bazarlara ixracı müstəvisində mühüm töhfələr verə bilər. Azərbaycanda İKT sektorunda islahatlar aparılır, genişmiqyaslı, milli və beynəlxalq layihələr həyata keçirilir.
“Azərbaycan Cənubi Qafqazın parlayan ulduzudur. Ölkədə aparılan iqtisadi islahatlar Azərbaycanın qarşıdakı illərdə daha çox inkişaf etməsinə səbəb olacaq. Türkiyə müasir rəqəmsal texnologiyaların inkişafı sahəsində inkişaf edir. Hər iki ölkə qarşılıqlı şəkildə böyük həcmdə investisiyalar yatırıb. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi artmaqdadır. Azərbaycanda aparılan iqtisadi islahatlar qardaş ölkəyə xarici sərmayələrin axınına səbəb olacaq”, - deyə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib. Səfir Türkiyə iş adamlarını Azərbaycana sərmayə yatırmağa dəvət edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İKT komissiyasının rəhbəri İsmayıl Ələkbərov diqqətə çatdırıb ki, gələcəkdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında İKT müstəsna rol oynayacaq. 2020-2022-ci illərdə Azərbaycana 1 milyard ABŞ dollarından çox xarici valyuta daxil ola bilər. Bu da hazırda işlənilən “Azərbaycan İKT sənayesinin strateji inkişaf planı” adlı yol xəritəsinin reallaşdırılması nəticəsində mümkün ola bilər.
Qeyd edilib ki, Azərbaycanda növbəti illər islahatlar ili elan edilib. Hesab edirik ki, bu islahatların təməlində intellektə əsaslanan iqtisadi model dayanır. Bir sıra Avropa ölkələrinin, eləcə də Cənub-Şərqi Asiya ölkələrinin keçdiyi iqtisadi artım modeli kimi Azərbaycanın da öz iqtisadi-inkişaf modeli var. İKT sahəsi burada müstəsna rol oynayacaq. Son illər Azərbaycan şirkətləri bu istiqamətdə böyük işlər görür.
Tədbir hər iki ölkənin İKT şirkətləri arasında işgüzar görüşlərin keçirilməsi ilə davam edib. Görüşlərdə ölkələrimizin informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanda, həmçinin geniş regionda birgə layihələrin həyata keçirilməsi, Azərbaycan şirkətlərinin İKT üzrə həll və məhsullarının xarici bazarlara birgə təşviqi ətrafında müzakirələr aparılıb.
Sonda tədbir çərçivəsində “Startap Azərbaycan” yarışmasının qalibi olmuş gənc startapçıların təqdimatları keçirilib.
İşgüzar görüş Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, AZPROMO və Türkiyənin Elektro-Texnologiya Təşkilatının (TET) dəstəyi ilə baş tutub.