SİYASƏT
Bakıda Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 18-19-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib. Bunun ardınca həmin il iyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Abdulla Gül və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.
2015-ci il yanvarın 29-da Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.
2015-ci il avqustun 28-də Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 2015-ci il oktyabrın 9-da Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.