SİYASƏT
Bakıda Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın dördüncü iclası keçirilib
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komissiyanın həmsədri, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında əlaqələrin son illərdəki inkişafından danışdı. Vurğulandı ki, dövlət başçılarının səyləri nəticəsində əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənir. Komissiyanın əvvəlki iclasından ötən müddət ərzində tərəflər arasında ticari-iqtisadi sahədə konkret layihələr həyata keçirilib, iqtisadi əlaqələrin inkişafına xidmət edən çoxsaylı görüşlər və tədbirlər təşkil olunub. Həmçinin, iki ölkənin işgüzar dairələri və təsərrüfat subyektləri arasında əlaqələr də genişlənib. Bildirildi ki, 2013-cü ildə Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 88,2 milyon ABŞ dolları təşkil edib. Bu baxımdan tərəflər idxal-ixrac əməliyyatlarının və qarşılıqlı xidmətlərin həcminin artırılması istiqamətində zəruri addımlar atmalıdırlar.
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toylıyev ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını iclas iştirakçılarına çatdırdı. Qeyd etdi ki, son illər neft və qaz, mədəniyyət və elm sahələrində dəfələrlə ortaq tədbirlər keçirilib və bu ənənə davam etdiriləcək. Humanitar sahədə, xüsusilə elmi tədqiqatlar, habelə dənizçilik işi sahələrində əməkdaşlığı genişləndirmək vacibdir. S.Toylıyev vurğuladı ki, özəl sektorların da əməkdaşlığa cəlb olunması məqsədəuyğundur.
Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov iki ölkə arasında idxal-ixrac münasibətlərinin böyük perspektivə malik olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır və bu, sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər.
İclasda qeyd olundu ki, əlaqədar nazirlik və qurumlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında daşınan yüklərin həcminin artırılması ilə bağlı işləri davam etdirirlər. Humanitar və təhsil sahələrində də ikitərəfli əlaqələr uğurla inkişaf edir. Hazırda Azərbaycanda 266 Türkmənistan vətəndaşı təhsil alır. Gələcəkdə onların sayının artacağı gözlənilir.
Hökumətlərarası komissiyanın iclasında iki ölkənin təsərrüfat subyektlərinin sənaye və energetika layihələrinə cəlb olunması, neft-qaz sahəsində birgə elmi tədqiqatlar aparılması, treninq, konfrans və simpoziumların keçirilməsi imkanlarının öyrənilməsinə dair əlaqədar nazirlik və dövlət strukturlarına tapşırıqlar verildi. Həmçinin, kənd təsərrüfatı, nəqliyyat və rabitə, ətraf mühitin mühafizəsi və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün konkret vəzifələr və tapşırıqlar da müəyyənləşdirildi.
Tərəflər iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın beşinci iclasının 2015-ci ildə Aşqabadda keçirilməsi ilə bağlı razılığa gəldilər.
Sonda iclasın yekunlarına dair protokol imzalandı.