İQTİSADİYYAT
Bakıda Azərbaycan ilə Yaponiya arasında kosmik sənayenin inkişafına həsr olunmuş seminar keçirilir
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Bakıda Azərbaycan ilə Yaponiya arasında kosmik sənayenin inkişafına həsr olunmuş seminar işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək seminarın məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafına töhfə verməkdir.
Seminarda çıxış edən Yaponiya nümayəndə heyətinin rəhbəri, “Mitsubishi Electric Corporation”nın böyük vitse-prezidenti Takaşi Sasakava tədbirdə həm dövlət, həm də özəl sektor nümayəndələrinin iştirak etdiklərini söyləmişdir. Bildirmişdir ki, seminarın keçirilməsi iki ölkə arasında aerokosmik sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması üçün çox önəmli hadisədir.
Kosmik sənayedə müasir texnologiyalardan istifadə edildikdə, bunun paralel olaraq digər sektorların da inkişafına şərait yaratdığını deyən natiq qeyd etmişdir ki, Yaponiyada ən yüksək səmərəli aparatların istehsalına nail olunmuşdur. Bundan başqa, gələcək nəsil üçün yeni qurğular hazırlanmışdır. Bu zaman biz onların istehsal xərclərini 3 dəfə azaltmağı nəzərdə tutmuşuq. Buna baxmayaraq, biz təkcə xərcləri azaltmaq üzərində çalışmırıq. Əsas məqsədimiz kosmik məkanda manevr və daşımaların həyata keçirilməsi, eləcə də raketlərin buraxılmasını asanlaşdırmaq funksiyalarına malik sistemin dinamik inkişafıdır. Bu sistemdə işləyəcək qurğuların hazırlanması bu il də davam etdiriləcəkdir. Yaponiya ötən il orbitə iki peyk çıxarmışdır. Xüsusi yoxlanış sistemi bizə Yerdə davamlı surətdə müşahidələr aparmağa, eyni zamanda, çox səmərəli geofiziki və beynəlxalq iqlim dəyişikliyinin parametrlərini müəyyənləşdirməyə, təbii fəlakətlər zamanı operativliyin təmin olunması üçün əhatəli məlumatlar əldə etməyə imkan verir.
Peyklərin orbitə qaldırılmasında istifadə olunan qurğular barədə də danışan T.Sasakava, onların funksiyaları barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Yaponiya orbitdə 400 kilometrlik manevr imkanlarına malik olmaqla, özü açılıb bağlana və fəzaya atılan hissələri yığa bilən müasir avadanlığa malikdir. Bu cihazlar orbitdə qorunması üçün xüsusi örtüklə örtülür.
Yaponiyanın kosmik sektorunun dünyanın ən qabaqcıl peyk texnologiyasına malik olduğunu söyləyən T.Sasakava ölkəsinin Sinqapur və Tayvan üçün peyk istehsal etdiklərini, hazırda isə Türkiyə üçün yeni “Türksat” peykinin üzərində işlədiklərini bildirmişdir.
Azərbaycan ilə Yaponiyanın kosmik sahədə əməkdaşlığına həsr olunmuş seminarın əhəmiyyətini yüksək qiymətləndirən rabitə və texnologiyalar naziri Əli Abbasov bu müzakirələrin konkret əməkdaşlığa çevriləcəyinə ümid etdiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, Azərbaycanda kosmik texnologiyanın inkişafı başlanğıc mərhələsindədir. Buna baxmayaraq, vaxtilə keçmiş İttifaqın kosmik sənayedə əldə etdiyi uğurlarda ölkəmizin də rolu olmuşdur. Belə ki, Azərbaycan hələ 1970-ci illərin əvvəllərindən Sovetlər İttifaqının kosmik proqramının fəal iştirakçısı, sonra isə bu sahədə bir sıra uğurlara imza atan respublikalardan biri olmuşdur. Lakin müstəqil Azərbaycanın kosmik sənayesinin tarixi 2008-ci ildən etibarən başlanmışdır. Ötən dörd il müddətində respublikamız artıq ilk telekommunikasiya peykini orbitə çıxarmışdır. Eyni zamanda, bu istiqamətdə geniş planlarımız da mövcuddur.
Azərbaycanın kosmik proqramının uzunmüddətli olduğunu vurğulayan Ə.Abbasov bu istiqamətdə xüsusi dövlət proqramının da qəbul edildiyini diqqətə çatdırmış, İKT sahəsinin gələcəkdə daha da inkişaf etdiriləcəyini söyləmişdir. Bildirilmişdir ki, Yaponiyanın bu sahədə əldə etdiyi zəngin təcrübədən ölkəmiz də faydalana bilər. Peyklərin istehsalı, idarə edilməsi, qaldırıcı raketlərin hazırlanmasından tutmuş bir çox geniş sahələrin inkişafı, o cümlədən ekologiya, kosmik sistemin istifadəsi, Yer səthinin təbii resurslarının kosmosdan tədqiqatı və s. kimi istiqamətlər onu göstərir ki, Yaponiya bu gün kosmik texnologiyalar üzrə dünyada irəlidə olan aparıcı ölkələrdən biridir.
Azərbaycan bu gün iqtisadi inkişafın yeni mərhələsindədir. Artıq təbii sərvətlərə əsaslanan iqtisadiyyatı texnoloji və innovativ iqtisadiyyata yönəldilmiş siyasət həyata keçirməyə başlamışıq. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunun geniş əhatə olunduğunu xatırladan nazir, gələcəkdə qeyri-neft sektorunun, xüsusilə də bu sahənin inkişaf etdiriləcəyini demişdir.
Azərbaycanın ikinci alçaq orbitli peykin 2014-cü ildə orbitə çıxarılacağını vurğulayan Ə. Abbasov ölkəmizdə kosmik sənayenin inkişafı üçün reallaşdırılacaq tədbirlərdən də danışmışdır.
Qeyd olunmuşdur ki, bu il regional yerüstü idarəetmə mərkəzinin sistemləri genişləndiriləcəkdir. Artıq cari ilin payızında xarici müşahidə peyklərindən alınan informasiyanı emal etmək üçün yerüstü stansiya istifadəyə veriləcəkdir. Ölkəmizin peykin imkanlarından istifadə zamanı Asiya bazarına üstünlük verməsi, son illər Avropada baş verən iqtisadi böhranlar fonunda texnologiyaların inkişafının tənəzzülü ilə əlaqədardır. Digər tərəfdən isə Asiyada, Sakit okean hövzəsi ölkələrində sosial-iqtisadi və texnoloji inkişaf Azərbaycanın diqqətini cəlb edir. Burada aparıcı yer tutan Yaponiya ilə yanaşı, digər ölkələrin də beynəlxalq bazarlara çıxışları vardır. Bu ölkələrdə texnoloji inkişaf, xüsusən də İKT-nin, elektron avadanlıqların inkişafı geniş vüsət almışdır. Digər tərəfdən isə Asiya ölkələri böyük bazardır və bu da Azərbaycanın diqqətini cəlb edir. Əgər bu gün ölkəmizin iqtisadiyyatının inkişafında təbii ehtiyatlar əsas yer tutursa, gələcəkdə qeyri-neft sektorunun, xüsusilə də İKT-nin genişləndirilməsi planlaşdırılır. Azərbaycan 2020-ci ilədək öz ümumi daxili məhsulunu 2 dəfə artırmağı nəzərdə tutmuşdur. Bu artım isə bütövlükdə qeyri-neft sektorunun hesabına reallaşdırılacaqdır. Biz gələcəyə bu cür nikbinliklə baxırıq. Ona görə də başda Yaponiya olmaqla, digər inkişaf etmiş ölkələr bizim diqqətimizi cəlb edir və onlarla əməkdaşlıq bizim üçün önəmlidir.
Azərbaycan hökuməti tərəfindən bu sahədə fəaliyyət göstərən şirkətlərə münbit şəraitin yaradıldığını deyən nazir, bugünkü seminarın onların müasir texnologiyalara yiyələnmələri və tətbiqi, əldə olunan uğurlar nəticəsində beynəlxalq bazarlara çıxmaları üçün imkanlar açdığını diqqətə çatdırmışdır.
Daha sonra Yaponiyanın ölkəmizdəki səfiri Suşuke Vatanabe Azərbaycanın təkcə təbii ehtiyatları ilə deyil, insan resursları ilə də zəngin olduğunu bildirərək demişdir ki, bu, çox mühüm amildir. Hər bir ölkənin gələcəyi bu resursların səmərəli istifadə olunmasından asılıdır.
Kosmik sektora dair seminarın təşkilinin ikitərəfli əlaqələrdə yeni üfüqlər açacağını qeyd edən səfir, 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” olduğunu diqqətə çatdırmış və bu sahənin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu söyləmişdir.
Azərbaycanın ilk telekommunikasiya peykinin bu il orbitə qaldırıldığını xatırladan səfir Yaponiyanın da bu sahədə qazandığı zəngin təcrübəni paylaşmağa hazır olduğunu diqqətə çatdırmışdır. S.Vatanabe əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında əlaqələr kosmik sənaye sektorundakı əməkdaşlıqla daha da zənginləşəcəkdir.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev kosmik sənayenin ölkəmiz üçün yeni sahə olduğunu deyərək, bu istiqamətdə qarşıda duran perspektiv layihələr barədə məlumat vermiş, respublikamızda İKT-nin inkişafının beynəlxalq bazarlara da yol açdığını qeyd etmişdir. Bildirilmişdir ki, fevralın 8-də orbitə qaldırılan Azərbaycanın ilk telekommunikasiya peykinin istismar müddəti ən azı 15 il təşkil edəcəkdir. “Azərspace-1” adlanan peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Azərbaycanın 2014-cü ildə Yerin müşahidəsi peykini, 2016-cı ildə isə digər bir peyki orbitə qaldıracağını da söyləyən R.Nəbiyev, bu sahədə uğura nail olmaq üçün təcrübəli ölkələrlə əməkdaşlığın önəmini vurğulamışdır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən seminar qarşılıqlı təqdimatlarla davam etmişdir.
Seminara Yaponiya tərəfdən “Mitsubishi Electric Corporation”, “Nippon” elektrik korporasiyası, “IHI Corporation”, “IHI Aerospace Co.”, PASCO, JAMSS, “Sumitomo”, “Itochu Corporation”, Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya Aerokosmik Şirkətləri Cəmiyyətinin, ümumilikdə isə 17 şirkətin nümayəndələri qatılmışlar. Azərbaycan tərəfdən isə tədbirdə 24-dən çox şirkətin nümayəndə heyətləri iştirak edirlər.