ELM VƏ TEXNOLOGİYA


Bakıda “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilir

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda ikinci beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycan mühacirət ədəbiyyatının əhəmiyyətindən, onun tədqiq olunmasını zəruri edən amillərdən, bu sahədə ədəbiyyatşünaslığın qarşısında duran mühüm vəzifələrdən danışıb.

Tədbirin məqsəd və vəzifələri barədə məlumat verən İ. Həbibbəyli bildirib ki, konfrans mühacirət ədəbiyyatına daha sistemli yanaşmağa xidmət edir. Mühacirət ədəbiyyatı ölkədən kənarda yaransa da, Azərbaycan ədəbiyyatının tərkib hissəsidir. Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı araşdırmalar aparılır, tədqiqat işləri yazılır.

İ.Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamını diqqətə çatdırıb.

Qeyd olunub ki, sənədə əsasən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” adlı kitablar seriyasının nəşrinə başlanılıb. Nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı birinci cildi artıq işıq üzü görüb. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.

Konfransda akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov və türkiyəli alim, professor Yavuz Akpinar Azərbaycan mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən və konfransın əhəmiyyətindən söz açıblar.

Daha sonra mühacirət ədəbiyyatının problemlərindən bəhs edən məruzələr dinlənilib.

Filologıya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı “Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi perspektivləri” mövzusunda məruzəsində Azərbaycan mühacirətşünaslığının qarşısında duran vəzifələr barədə məlumat verib. Filologıya üzrə fəlsəfə doktoru Abid Tahirli “Xəyal və həqiqətlərin bədii publisistik təcəssümü (Ceyhun Hacibəylinin “Bir il xəyallarda…və bütöv bir ömür” memuarı)” mövzusunda məruzəsində Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı yeni elmi faktlara aydınlıq gətirib.

Sonra konfransın işi müxtəlif bölmələr üzrə keçirilib. Bölmə iclaslarında Azərbaycan mühacirət ədəbiyyatının müxtəlif problemlərindən bəhs edən məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfrans oktyabrın 11-də işini bölmə iclasları ilə davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.