SİYASƏT
Bakıda Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü prosesi ilə bağlı seminar keçirilir
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Bakıda “Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü prosesi” mövzusunda İslam İnkişaf Bankının və Xarici İşlər Nazirliyinin iki günlük birgə seminarı işə başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarın birinci günü ticarət mövzuları müzakirə edilib. Bu sıraya DTT-nin tarixi və funksiyaları, əsas sazişləri, Azərbaycanın təşkilata üzv olması prosesinin hazırkı vəziyyəti və dövlətlərin DTT-yə üzv olmaqda əsas məqsədləri daxildir.
Seminarın ikinci günündə iştirakçılar DTT-yə üzv olmaqla bağlı danışıqlar aparan qrupun üzvləri olacaqlar. Bu xüsusda müzakirə ediləcək əsas məsələlər hazırda danışıqlar mövzusu olan kənd təsərrüfatı, ticarətin asanlaşdırılması, sanitar və fitosanitar tədbirlər, ticarətə texniki maneələr, xidmətlər sahəsində tətbiq edilən tənzimləyici qaydalar, DTT çərçivəsində enerji məsələləri və digər məqamlar olacaq.
Seminarda müvafiq dövlət qurumlarından əlliyə yaxın dövlət qulluqçusu iştirak edir.