İQTİSADİYYAT


Bakıda Azərbaycanın və İranın investisiya imkanları müzakirə olunub

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə enerji, su təchizatı, ticarət, kənd təsərrüfatı və qida sənayesi, neft-qaz, kimya, logistika, tikinti, bankçılıq, metallurgiya, sığorta, nəqliyyat, konsaltinq, turizm, mühəndislik və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı və investisiya təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycan və İran arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, iş adamları arasında əlaqələrin inkişafı üçün birgə biznes forum, işgüzar görüş və sərgilərin təşkil olunduğunu qeyd edib. İran iş adamlarının ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş bugünkü konfransın da ölkələrimiz arasında əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirən Rüfət Məmmədov İran sahibkarlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

“Azərbaycanda İran investisiyalı 450-yə yaxın şirkət fəaliyyət göstərir. Ticarət əlaqələrimiz bu il daha da genişlənib. İranın investisiya şirkətləri indiyədək Azərbaycana 1,2 milyard dollar sərmayə yatırıb. Bunun 145 milyonu qeyri-neft sektoruna yönəldilib”, - deyə R.Məmmədov diqqətə çatdırıb.

İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) Xarici İnvestisiyalar Departamentin direktor müavini Əkbər Qəhrəmani İranda iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə danışıb. Əməkdaşlıq üçün yeni imkanların mövcudluğunu və qarşılıqlı faydalı fəaliyyət üçün möhkəm zəminin olmasını vurğulayan Əkbər Qəhrəmani İran iqtisadiyyatının müxtəlif sahələri haqqında məlumat verib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iki ölkənin sahibkarları arasında biznes əlaqələrinin qurulmasında və işgüzar fəallığın artmasında önəmindən danışıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurla davam etdiyini, Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin iqtisadi əlaqələrin daha da genişlənməsində əhəmiyyətini vurğulayıb. Cavad Cahangirzadə Azərbaycan və İran arasındakı iqtisadi əlaqələrin davamlı inkişaf etdiyini bildirib, əməkdaşlığın genişləndirilməsində iş adamlarının rolunun önəmli olduğunu qeyd edib.

Sonra AZPROMO-nun nümayəndəsi Məhəmməd Xələfov və OIETAI təşkilatının Xarici İnvestisiyalar Departamentinin direktor müavini Əkbər Qəhrəmani Azərbaycanın və İranın biznes mühiti və investisiya imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının və Zəncan İnvestisiya Mərkəzinin fəaliyyətinə dair təqdimatlar keçirilib.

Konfrans çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.