İDMAN


Bakıda BMX treki dünya çempionatı üçün yenidən qurulur

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Velosiped İdmanı Federasiyası 2018-ci ilin iyununda Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatının hazırlığına başlayıb. İşlərə yarışın keçiriləcəyi BMX trekində yenidənqurma prosesi ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqı gələn ildən etibarən BMX idmanı üzrə dünya çempionatını yeni standartlara uyğun yarış trasında təşkil edəcək, yəni “Bakı-2018” dünya çempionatları tarixində bir ilkə imza atacaq. Bununla əlaqədar olaraq beynəlxalq federasiyanın tövsiyələri əsasında Bakı BMX Trekinin marşrutunda bir sıra dəyişikliklər edilib.

İlkin olaraq trekin marşrutunun eni, uzunluğu və döngələrin hündürlüyü yeni standartlara uyğun olaraq artırılıb. Maneələrin sayında da artım var və bütün bunlar marşrutun peşəkar idmançılar üçün daha çətin və eyni zamanda, daha ekstremal olması anlamına gəlir. Yenilənmə prosesinə Beynəlxalq Velosipedçilər İttifaqının BMX idmanı üzrə mütəxəssisləri nəzarət edib və görülən işlərin keyfiyyətini, həmçinin marşrutun durumunu yoxlamaq üçün Avropadan tanınmış velosipedçilər, o cümlədən 2 qat Avropa çempionu, latviyalı Edzus Treymanes Bakıya dəvət edilib.

İki il əvvəl “Bakı-2015” ilk Avropa Oyunlarının da iştirakçısı olan bu idmançı yarış marşrutundakı dəyişiklikləri belə xarakterizə edib: “Buradakı test yürüşlərimiz bizdə belə bir təəssürat oyatdı ki, yeni marşrut daha həyəcanlı yarış keçməsinə zəmin yaradacaq. Düzdür, biz bu il təşkil olunacaq bütün yarışlarda köhnə marşrutla yarışacağıq, amma mən gələn il bizi sözün yaxşı mənasında nəyin gözlədiyini yaxşı bilirəm. İyulun Bu ayın sonunda ABŞ-da keçiriləcək dünya çempionatında digər ölkə iştirakçılarına da yeni marşrut haqda məlumat verəcəyəm. Çünki, dəyişikliklər həqiqətən də cəlbedicidir və düşünürəm ki, yarış trası tam hazır vəziyyətdədir”.

Qeyd edək ki, velosiped idmanının ən gənc növü olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına salınıb və hazırda planetin ən populyar idman növləri sırasında yer alır. İyulun sonlarında ABŞ-da təşkil olunacaq 2017-ci il dünya çempionatında Azərbaycan nümayəndə heyətinin xüsusi təqdimatla çıxışı da olacaq və gələn il təşkil olunacaq dünya çempionatının estafetini qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.