İQTİSADİYYAT


Bakıda Bakı-Aktau-Samsun qardaşlaşmış limanlarının əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 22 may, Nihad Budaqov, AZƏRTAC

Mayın 22-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakı-Aktau-Samsun qardaşlaşmış limanların ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizin nəqliyyat və tranzit potensialından danışıb. Bildirib ki, Azərbaycanın iqtisadi mövqeyi və tranzit potensialı ölkəmizi qlobal mərkəzə çevirib. Bunun üçün də Azərbaycanın tranzit potensialı nəzərə alınaraq ölkəmizdə irimiqyaslı nəqliyyat layihələri icra edilir.

Nazir qeyd edib ki, hazırda Ələtdə Xəzər dənizinin ən böyük limanı inşa edilir. Liman Şimal-Cənub, Şərq-Qərb marşrutları üzrə əsas logistik mərkəzə çevriləcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Azad İqtisadi Zonanın yaradılması isə gələcəkdə buranı nəqliyyat-logistika mərkəzinə çevirməklə yanaşı tranzit potensiala da öz töhfəsini verəcək. Bu Azad İqtisadi Zona Avropa və Asiya bazarına xidmət edəcək.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib ki, ölkəmizdə nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrin region üçün də xüsusi əhəmiyyəti var. Bakı Limanının tikintisi və Ələt Azad Ticarət Zonası Azərbaycanı regionda nəqliyyat və logistikanın mərkəzinə çevirməklə yanaşı, yükdaşımaların ticarət dövriyyəsinin artmasına öz töhfəsini verəcəyini bildirib. Azad zonanın bu il işə düşəcəyi gözlənilir.

O qeyd edib ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu qoşulan limanların sayı arta bilər: “Bu marşrut üzrə limanların sayının artırılması nəzərdə tutulur. Qazaxıstanın Aktau limanından əlavə Kurık, eləcə də Türkiyənin Samsun və digər limanların da bu dəhlizə qoşulması planlaşdırılır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömer Kocaman isə ilk iclasdan ötən dövrdə Bakı, Aktau və Samsun limanları üzrə görülən işlər, bu limanların Türk Şurası üçün əhəmiyyətindən danışıb.

Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də Bakı, Aktau və Samsun limanlarının nümayəndələri təqdimatlarla çıxış ediblər.

İclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.