SİYASƏT
Bakıda Belarusun Müstəqillik Günü qeyd olunub
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı olan Müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Belarusun dövlət himnləri səsləndirilib.
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib ki, ölkəsi müstəqilliyinin 25 illik yubileyini qeyd edir. Diplomat deyib: “Qısa tarixi dövrdə Belarus müstəqil dövlətini yarada bildi, gücləndirdi, onun sosial-siyasi və iqtisadi inkişafını təmin etdi.. Biz fəxr edirik ki, müstəqillik illərində Belarus kosmik peyklərə sahib oldu, texnologiya, tibb, kənd təsərrüfatı, maşınqayırma sahələrində real yüksəlişə nail oldu”.
Belarus-Azərbaycan münasibətləri barədə danışan səfir vurğulayıb ki, Belarus strateji tərəfdaşı olan Azərbaycan ilə zamanın sınağından çıxan dostluğu yüksək qiymətləndirir.
Tədbirdə çıxış Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov hökumət adından qardaş respublikanı və Belarus xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Y.Eyyubov deyib: “Biz Azərbaycan və Belarus arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunuq. Bu münasibətlər dürüstlük, obyektivlik, qarşılıqlı anlaşma, təhlükəsizlik, etibar və qardaşlıq prinsipləri əsasında qurulub”. Baş nazirin birinci müavini ikitərəfli əlaqələrin inkişafında Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenkonun rolunu xüsusi vurğulayıb. Y.Eyyubov deyib: “Ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı göstəricilər mövcuddur. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2014-cü illə müqayisədə 30 faiz artıb. 250-dən çox şirkət ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlıqda iştirak edir, biz 300-dən çox adda əmtəə mübadiləsi edirik. Bu göstəriciləri artırmağa hər cür imkanlarımız və potensialımız var”.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.