İQTİSADİYYAT


Bakıda “Bərpaolunan energetikanın inkişafı” Beynəlxalq konfransı keçirilib VİDEO

A+ A

Bakı, 20 oktyabr, Elvin Camalov, AZƏRTAC

Oktyabrın 20-də Bakıda keçirilən “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu çərçivəsində “Bərpaolunan energetikanın inkişafı” Beynəlxalq konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Nurəli Yusifbəyli bildirib ki, BMT 2015-ci il ərzində dayanıqlı inkişaf üzrə 17 istiqamət müəyyən edib. Bu istiqamətdə görülən işlərlə bağlı atılan mühüm addımlardan biri BMT-nin İqlim dəyişmələri üzrə çərçivə sənədi istiqamətində ölkələrin öz öhdəliklərini müəyyən etməsidir. Bu öhdəliklər həm milli səviyyədə, həm də regional səviyyədə müəyyən olunub.

N.Yusifbəylinin sözlərinə görə, digər mühüm hadisə Paris şəhərində baş tutmuş konfransdır ki, burada da bütün ölkələr planetin temperaturunun səviyyəsinin saxlanılması üçün vahid platformadan birgə fəaliyyət göstərmələri haqqında öz niyyətlərini elan ediblər. Burada əsas rol bərpa olunan enerjiyə ayrılib. Bu kimi tədbirlər, keçirilən forum və konfranslar bu sahənin stimullaşdırılmasına təkan verir.

Azərbaycan haqqında qonaqlara məlumat verən sədr müavini qeyd edib ki, son illər Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. Ölkə iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında 37-ci yeri tutub və bununla da MDB-də liderlik statusunu qoruyub.

Konfransda davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, Paris İqlim Sazişindən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpaolunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunub. Həmçinin növbəti ildə Astanada keçiriləcək “Dayanıqlı inkişaf üçün enerji” forumunun sənədləri, müzakirə olunacaq məsələlər razılaşdırılıb.

“Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu çərçivəsində, həmçinin “BMT Avropa İqtisadi Komissiyasının (AİK) Bərpaolunan Enerji üzrə Ekspertlər qrupunun 3-cü iclası” keçirilib. İclas zamanı “Bərpaolunan enerjidən istifadədə inkişaf fəaliyyətinin izlənilməsi”, “Bərpaolunan enerji və enerji səmərəliliyi arasında əlaqə”, “Cənub-Şərqi Avropada Bərpaolunan enerjinin hazırki vəziyyəti və potensialı” məruzələr dinlənilib.

Daha sonra iclas işini sessiyalarla davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.