CƏMİYYƏT


Bakıda Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə birgə treninq keçirilir

Bakı, 8 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri – BƏT-in baş əmək administratoru, əmək inspeksiyası və əməyin mühafizəsi üzrə mütəxəssisi Valentin Mocanu və BƏT-in mütəxəssisi Roman Litvyakovla görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, BƏT ekspertlərinin səfərində məqsəd sosial tərəfdaşların (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası) nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupu üçün “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institusional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninqin keçirilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ölkəmizdə əmək siyasətinin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ekspertlərə məlumatlar verib. Əmək münasibətlərinin elektron qeydiyyat sistemindən bəhs edən F.Əlizadə bu sistemin əmək bazarının əhatəli uçotunun aparılmasında, əmək hüquqlarının müdafiəsində üstünlüklərini qeyd edib, təkcə bu ilin 11 ayında bu sistemdən 1 milyon 925 min 253 dəfə, son bir ayda isə 203 628 dəfə istifadə edildiyini bildirib. O, cari ilin sentyabrında ölkəmizdə sosial tərəfdaşlar arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edildiyini, bunun üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişafında önəmini diqqətə çatdırıb.

Xidmət rəisi bildirib ki, BƏT-in ekspertləri tərəfindən sosial tərəfdaşların üçtərəfli İşçi Qrupu üçün treninqin təşkil edilməsi təşkilatla fəal əməkdaşlığın uğurlu davamıdır. Treninq əmək müfəttişliyinin potensialının gücləndirilməsində, İşçi Qrupun peşəkar fəaliyyətinin təşkilində, İşçi Qrupu tərəfindən leqal və institusional çərçivədə situasiyanın təhlil olunmasında əhəmiyyətlidir.

V.Mocanu və R.Litvyakov birgə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıblar. Onlar üçtərəfli İşçi Qrupun fəaliyyətinin daha səmərəli təşkili baxımından keçiriləcək treninqin faydalı olacağını, ümumən qarşıdakı dövrdə müvafiq mövzularda seminarların davam etdiriləcəyini bildiriblər.

Daha sonra V.Mocanu və R.Litvyakov tərəfindən üçtərəfli İşçi Qrupun iştirakı ilə “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institusional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninqə başlanılıb. Tədbir çərçivəsində İşçi Qrupu üçün ikiillik treninq proqramının tərtib olunması da nəzərdə tutulur. Həmin dövrdə “BƏT materiallarının və vasitələrinin milli dilə tərcümə edilməsi, əməyin mühafizəsi qaydalarının və əmək qanunvericiliyinin təkmilləşdirilməsi planının inkişafı və icrası”, “Sosial dialoqun, beynəlxalq əmək standartlarının, gender bərabərliyinin təbliği və diskriminasiyanın qarşısının alınması”, “İşçi qrupu üçün texniki dəstək və konsultasiyalara dair” və s. mövzularda seminarların təşkili planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.