İQTİSADİYYAT


Bakıda Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin V qurultayı keçirilib

A+ A

Bakı, 11 noyabr, Laçın Sultanova, AZƏRTAC

Bakıda Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin (BHB avia) V qurultayı keçirilib.

Qurultayın işində BHB avia üzvü olan ölkələrin mülki aviasiya nümayəndələri iştirak ediblər. BHB avia-nın sədri, Ümumrusiya Aviasiya İşçiləri Həmkarlar İttifaqının sədri Valeri Selitrinnikov Birliyin fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, Birlik MDB məkanında inteqrasiya proseslərinə fəal kömək edir. Valeri Selitrinnikov həmkarlarını işgüzar əlaqələri fəallaşdırmağa çağıraraq xatırladıb ki, həmkarlar ittifaqlarının əsas vəzifəsi öz üzvlərinin əmək hüquqlarını təmin etmək, onların əmək şəraitini və əməyin mühafizəsini yaxşılaşdırmaq, əmək qanunvericiliyində, bağlanmış müqavilə və sazişlərdə nəzərdə tutulan bütün imkanlardan maksimum istifadə etməklə işçilərin hüquqi və sosial müdafiə səviyyəsini yüksəltməkdir. O deyib: “Hazırda əməyin dəyərinin ədalətli qiymətləndirilməsi məsələsi bütövlükdə cəmiyyət üçün, o cümlədən mülki aviasiya üçün ən mühüm və aktual məsələdir”.

BHB avia sədrinin müavini, Belarus Aviasiya İşçiləri Həmkarları İttifaqları Komitəsinin sədri Yuri Yerşov BHB avia-nın IV qurultayından sonrakı dövrdə fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, hesabat dövründə görülmüş işlər, aviatorların əməyinin mühafizəsi üçün keçirilmiş tədbirlər, hazırda bütün dünyada yaranmış iqtisadi böhranla əlaqədar qarşıya çıxan problemlər barədə danışıb.

Məruzə ətrafında müzakirələrdə çıxış edən Qırğızıstan, Rusiya, Latviya, Özbəkistan və digər dövlətlərin aviasiya işçiləri həmkarlar ittifaqlarının nümayəndələri öz ölkələrində aviatorların əmək hüquqlarının qorunması ilə bağlı vəziyyət barədə danışıblar.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev qurultayın işində iştirak ediblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini İlyas Əliyev qurultayda çıxış edərək xatırladıb ki, BHB avia artıq ikinci dəfədir Azərbaycanda bu cür yüksək səviyyəli tədbir keçirir. Bu təşkilat Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə böyük əhəmiyyət verir. İlyas Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti barədə məlumat verərək bildirib ki, Konfederasiyada birləşən 26 sahə həmkarlar ittifaqlarının 1 milyon 200 mindən çox üzvü var.

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təbrik məktubu oxunub. Məktubda deyilir: “BHB avia qurultayının bizim ölkədə - qonaqpərvər Azərbaycan torpağında keçirilməsi barədə xəbər BHB avia üzvlərinin Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı ilə əməkdaşlığı daha da möhkəmlətməkdə maraqlı olmasını və “Azərbaycan Hava Yolları” QSC-nin çoxminlik kollektivinin bütün dünyada mülki aviasiyanın inkişafı və tərəqqisi işində xidmətlərinin etiraf olunmasını əks etdirir”.

Akademik Arif Paşayev təbrik məktubunda qurultaya mülki aviasiyanın tərəqqisi və inkişafı naminə uğurlu və səmərəli iş arzulayıb.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın sədri Səttar Mehbalıyevin, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın və digərlərinin qurultaya müraciətləri də oxunub.

Qurultayda BHB avia-nın yeni sədri və sədr müavini seçilib. BHB avia-nın sədri vəzifəsinə Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqının sədri Bəkir Yusifov, onun müavini vəzifəsinə Belarus Aviasiya İşçiləri Həmkarlar İttifaqları Komitəsinin sədri Yuri Yerşov seçilib. Daha sonra BHB avia Şurasının üzvləri seçilib. Qurultay nümayəndələri bir sıra qərarlar qəbul edib, o cümlədən 2017-ci ildə formalaşmalı olan Avrasiya Nəqliyyat İşçiləri Federasiyası yaradılması ideyasını dəstəkləyiblər.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov BHB avia-nın sədri Valeri Selitrinnikova və onun müavini Yuri Yerşova mülki aviasiya sahəsində, habelə Aviasiya İşçiləri Həmkarlar İttifaqları arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmlədilməsində xüsusi xidmətlərinə görə “Mülki Aviasiya Fəxri nişanı” təqdim edib.

BHB avia V qurultayının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə deyilir: “BHB avia qurultayının nümayəndələri mülki aviasiya işçilərinə diqqətli münasibətinizə görə Sizə səmimi təşəkkürünü bildirir və qeyd edirlər ki, mülki aviasiyanın inkişafı məsələsi həmişə dövlət siyasətinin prioritetləri sırasında olub və bu gün də belədir. Mülki aviasiya təşkilatlarının müəssisə və idarələri, elmi kollektivlər və tədqiqat mərkəzləri beynəlxalq əlaqələrin və ölkə regionları arasında kontaktların möhkəmləndirilməsi məsələlərinin həyata keçirilməsində dövlətin etibarlı tərəfdaşlarıdır.

Biz ümid edirik ki, Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin üzvü olan təşkilatlar arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi dost ölkələrimizin və xalqlarımızın beynəlxalq təhlükəsizlik və sabitlik naminə qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə kömək edəcək”.

Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyi 1991-ci ilin may ayında Aviasiya İşçiləri Həmkarlar İttifaqlarının rəhbərləri tərəfindən Moskvada yaradılıb. BHB avia-nın fəaliyyətinin əsas məqsədi üzv təşkilatların aviasiya işçilərinin hüquqlarının müdafiəsi üzrə fəaliyyətini əlaqələndirmək, işin səmərəli forma və metodlarını seçməkdə üzv təşkilatlara, onların rəhbər orqanlarına kömək etmək, həmrəyliyi dəstəkləməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.