İQTİSADİYYAT
Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin “Qış məktəbi” təqaüd proqramı üzrə təlim keçirilir
Bakı, 21 yanvar, AZƏRTAC
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisində bu qurumun “Qış məktəbi” təqaüd proqramı üzrə təlim keçirilir. Təlimdə Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatlarının müxtəlif ali təhsil müəssisələrinin, eləcə də Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri iştirak edirlər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimi Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Mixail Kaşubski, eləcə də Avstraliyanın Çarlz Stert Universiteti, ABŞ-ın San-Dieqo Universiteti, İtaliyanın Mexanika və Mühəndislik Sənayesi Assosiasiyaları Federasiyasının mütəxəssisləri aparır.
Təlimin gündəliyinə “Sənaye perspektivləri baxımından tarif təsnifatı və qeyri-preferensial və preferensial mənşənin müəyyən edilməsi Qaydaları”, “Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə”, “Maşın və insan intellekti: sərhəd mühitində təhlükələrin aşkarlanması ilə bağlı məlumatlılıq və qeyri-verbal ünsiyyətin təhlili” və sair mövzularda məruzələr daxildir.
Qeyd edək ki, təlim Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı Regional Ofisi ilə yanaşı, Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisində də keçirilir.
İştirakçılar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına da baş çəkib, burada tələbə və müəllimlər üçün yaradılan şəraitlə tanış olublar.
Təlim yanvarın 26-da başa çatacaq.