MƏDƏNİYYƏT


Bakıda Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib. Tədbir Beynəlxalq Memarlar İttifaqı, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədən əvvəl iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarları ziyarət olunub.

Tədbir iştirakçıları Azərbaycan memarlarının layihələrini, eləcə də Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yerləşən və erməni terroruna məruz qalan tarixi abidələrimizi əks etdirən fotosərgiyə baxıblar.

Müşavirəni açan Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə bu sənət növünün keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarixi memarlıq abidələri bərpa edilir.

Elbay Qasımzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Memarlar İttifaqının fəxri üzvü seçildiyini diqqətə çatdırıb. O, həmçinin deyib ki, Mehriban Əliyeva Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müşavirədə çıxış edərək dövlətimizin memarlığın inkişafına dəstəyindən danışıb. Bildirib ki, bu dəstək sayəsində hazırda ölkəmizdə memarlıq intibah dövrünü yaşayır. Azərbaycanda yeni, müasir binaların tikintisi ilə bərabər, qədim memarlıq abidələrinin təmir və bərpası da diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyev hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanda gözəl memarlıq nümunələrinin yaradılmasına xüsusi diqqət ayırırdı. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu işi uğurla davam etdirirlər. Heydər Əliyev Fondu nəinki Azərbaycanda, xarici ölkələrdə də tarixi memarlıq abidələrinin bərpası işini həyata keçirib.

Beynəlxalq Memarlar İttifaqının II Region üzrə vitse-prezidenti Dəniz İncədayı və digərləri tədbirin əhəmiyyətindən danışıb, müasir Azərbaycan memarlığının inkişafından bəhs ediblər.

Tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.