CƏMİYYƏT
Bakıda Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü qeyd edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-si Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günüdür.
Bu əlamətdar gün 2009-cu ildə yenidoğulmuşlara qulluq üzrə Avropa Fondu tərəfindən təsis olunub. Hazırda 200-dən çox ölkə bu günü qeyd edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu gün münasibətilə Respublika Perinatal Mərkəzində geniş tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru, respublikanın baş mama-ginekoloqu S.Məmmədova, Səhiyyə Nazirliyinin baş neonatoloqu, neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri R.Hüseynov, uşaqlar və onların valideynləri iştirak ediblər.
Tədbirdə bildirilib ki, ölkəmizdə hər il gerçəkləşən doğuşların 10 faizi vaxtından əvvəl olur. Yarımçıq doğuşların səbəbləri müxtəlifdir. Bura əsasən hamiləlikdən əvvəl ananın səhhətindəki problemləri, hamiləlik vaxtı meydana gələn problemləri daxil etmək olar. Hamiləliyin ilk günündən həkim nəzarətində olan qadınlarda ana və uşaq ölümlərinə nadir hallarda rast gəlinir. Son illər Azərbaycanda yüksək texnologiyalardan istifadə, süni mayalanma mərkəzlərinin yaradılması, irsi xəstəliklərin tez bir zamanda aşkarlanması ilə əlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş hallarının qeydiyyatı tam əhatə olunur.
Vurğulanıb ki, analar vaxtından əvvəl doğulan körpələrin səhhətini daim nəzarətdə saxlamalı, onların peyvəndlərini vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanserizasiyadan keçirməli, hər hansı bir xəstəlik olanda buna səhlənkar yanaşmamalıdırlar.
Çıxışlardan sonra uşaqlara hədiyyələr paylanılıb. Səmaya şarların buraxılması isə azyaşlıların böyük sevincinə səbəb olub.