CƏMİYYƏT


Bakıda “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: yeni regional vizyonlar” mövzusunda konfrans öz işinə başlayıb VİDEO

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: yeni regional vizyonlar” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, UNEC-in və Türkiyənin Süleyman Dəmirəl Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə ilə yanaşı, 12 ölkədən 187 nümayəndə qatılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə qısa nəzər salıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin iqtisadi siyasətinə uyğun olaraq, ciddi uğurlara imza atılıb. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Rektor vurğulayıb ki, ölkənin gələcək iqtisadi inkişafı qeyri neft sektoru ilə bağlıdır: “Qeyri neft ixracını artırmaq üçün regional qlobal bazarların təsirləri nəzərə alınmalı, ölkənin real istehsal gücü əsas götürülməlidir”.

Konfransın əhəmiyyətindən danışan rektor qeyd edib ki, bu gün ölkənin inkişafı ilə bağlı olan sahələri əhatə edən məsələlər, eləcə də dünya iqtisadiyyatında baş verən problemlər müzakirəyə çıxarılacaq. Rektor bildirib ki, mövcud problemlərin həlli təkcə iqtisadçılardan deyil, müxtəlif elm sahələrini əhatə edən alimlərin əməkdaşlığından keçir.

Ə.Muradov konfransın universitetlər arasında əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayacağını iştirakçıların diqqətinə çatdırıb, onları Türk Dünyası İqtisadçıları Birliyi ilə sıx əməkdaşlığa çağırıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə konfransın əhəmiyyətindən, 25 ildə ölkə iqtisadiyyatının keçdiyi yoldan və bu sahədə qazanılan uğurlardan danışıb. Konfransın dünyanın aparıcı universitetləri ilə əlaqələrinin möhkəmlənməsində əhəmiyyətini vurğulayan akademik bildirib ki, belə bir möhtəşəm konfransın UNEC-də keçirilməsi ölkənin ali təhsil sistemində əldə etdiyi uğurların nəticəsidir. Dünyanın 54 universitetinin nümayəndələrinin burada toplaşması ölkənin milli maraqları ilə yanaşı, beynəlxalq maraqlara da cavab verir.

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov məzunu olduğunu universitetin dünyanın nüfuzlu beynəlxalq elmi konfransına ev sahibliyi etməsini yüksək qiymətləndirib.

Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan Azərbaycan-Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb. Hər iki ölkə arasında qardaşlıq, dostluq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin gündən-günə daha da sürətlə inkişaf etdiyini söyləyib. T.Yazgan müstəqillik əldə etmiş Azərbaycanın qısa zaman kəsiyində belə yüksək uğur qazanmasını ölkənin iqtisadi, siyasi strategiyasının düzgün aparılması ilə əlaqələndirib.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın iş adamlarının universitetlərlə sıx əməkdaşlıq etməsinin vacibliyindən danışıb.

Tədbir çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında magistratura sahəsində biznesin təşkili və idarəolunması ixtisası üzrə ikili diplom proqramları müzakirə edilib və bu sahədə birgə müqavilə imzalanıb.

Sentyabrın 29-dək davam edəcək elmi konfransda mövzu ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.