SİYASƏT


Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqillik Günü münasibətilə dekabrın 2-də bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. O deyib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa, bunu daha da gücləndirən İslam irsinə və müştərək tarixə əsaslanır.

Diplomat ikitərəfli əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rol oynadığını vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin son illərdə genişləndiyini qeyd edib. Səfir münasibətlərimizin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Azərbaycan hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını bayram münasibətilə təbrik edən iqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin mövqelərinin beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü diqqətə çatdırıb.

Nazir deyib ki, Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının fəaliyyəti, hər iki ölkənin iş adamları arasında işgüzar münasibətlərin stimullaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə və forumlarda birgə iştirak iqtisadi əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.