ELM VƏ TƏHSİL
Bakıda “Birləşmiş Krallıqda təhsil” sərgisi keçirilir
Noyabrın 1-də Bakıda Böyük Britaniyanın “British Council” təşkilatı tərəfindən “Birləşmiş Krallıqda təhsil” (Education UK) sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayt sərgi haqqında məlumat verib. Bildirilib ki, sərginin təşkilində məqsəd tələbələri, gəncləri Böyük Britaniyanın təhsil sisteminin geniş imkanları ilə məlumatlandırmaqdır.
Vurğulanıb ki, Böyük Britaniya universitetləri Azərbaycanın təhsil müəssisələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır.
Sərgidə Birləşmiş Krallığın 43 universiteti, məktəb, kollec və dil kursları iştirak edir.
Müasir dünyada təhsilin mühüm rolunu xatırladan Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq sərginin əhəmiyyətindən danışıb.
Böyük Britaniyada dünyada tanınan nüfuzlu universitetlərin fəaliyyət göstərdiklərini diqqətə çatdıran səfir bu ölkədə Azərbaycan gənclərinin də təhsil almaq marağında olduqlarını bildirib.
Xatırladaq ki, tədbir “Unibank” tərəfindən də dəstəklənir.
Sərgi noyabrın 2-də başa çatacaq.