CƏMİYYƏT


Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin iclası keçirilib [YENİLƏNİB]VİDEO

A+ A

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, həmin şöbənin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatları, 25-dən çox ölkənin gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə qurumun fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Milli Məclisin gənclər və idman komitəsinin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov çıxış edərək təşkilatın əsas məqsədinin tarixi “İpək yolu” üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda İttifaqa 33 ölkəni təmsil edən təşkilatlar daxildir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə reallaşdırılan gənclər siyasəti, bu sahədə həyata keçirilən Dövlət Proqramı barədə məlumat verib. Ölkəmizdə 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini vurğulayan A.Rəhimov rəhbərlik etdiyi nazirliyin həmin qurumlara daim dəstək verdiyini bildirib. Nazir qeyd edib ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı fəaliyyət göstərdiyi dörd il ərzində maraqlı və vacib layihələr reallaşdırıb. Hazırda regionda və dünyada gərginliklərin, münaqişə və müharibələrin davam etdiyini diqqətə çatdıran A.Rəhimov bu baxımdan beynəlxalq gənclər təşkilatlarının, o cümlədən fəaliyyəti üç qitəni əhatə edən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyətinin vacibliyini xüsusi vurğulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov İttifaqın idarə heyətinin növbəti iclasının əlamətdar dövrə - Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illik yubileyinin qeyd olunduğu vaxta təsadüf etməsindən məmnunluğunu bildirib. Nisbətən gənc ölkə olan Azərbaycanın 25 illik qısa müstəqillik tarixində mühüm uğurlar qazandığını söyləyən T.Süleymanov bu nailiyyətlər arasında ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin önəmini xüsusi qeyd edib.

Müstəqillik dövründə Azərbaycan gənclərinin mühüm uğurlar qazandıqlarını söyləyən Prezident Administrasiyasının rəsmisi bildirib ki, hazırda ölkəmizdə üç minə yaxın təşkilat fəaliyyət göstərir. Bu qurumlar arasında gənclər təşkilatları dinamikliyi və yüksək fəallığı ilə seçilir. Bu isə Azərbaycan dövlətinin həmin sahəyə yüksək diqqət və qayğısından irəli gəlir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün yaradılan münbit şərait barədə məlumat verib. Bildirib ki, bu gün Azərbaycan dövləti nəinki gənclər təşkilatlarının, hətta fərdi şəxslərin də layihə və təşəbbüslərinin dəstəklənməsini və maliyyələşdirilməsini diqqət mərkəzində saxlayır.

İttifaqın gördüyü işlər haqqında məlumat verən qurumun baş katibi Aytən Əliyeva qeyd edib ki, təşkilat 2012-2016-cı illərdə 25-dən çox yerli və beynəlxalq əhəmiyyətli tədbir keçirib. Bununla yanaşı, bir sıra nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Digər çıxışlarda da tarixi “İpək Yolu”nun müasir dövrdə ölkələrin və xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında mühüm rolu yüksək qiymətləndirilib.

Çıxışlardan sonra təşkilati məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.