SİYASƏT
Bakıda Britaniyanın sabiq müdafiə naziri Liam Foksun “Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə” kitabının təqdimatı olub
AZƏRTAC xəbər verir ki, problemlərin qoyuluşu, faktların xarakteri və təqdimi, müəllifin mövqeyinin şərhi baxımından orijinallığı ilə seçilən kitab “TEAS Press” nəşriyyat evi tərəfindən tərcümə olunaraq çap edilib.
Təqdimat mərasimində çıxış edən layihənin rəhbəri, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tale Heydərov deyib ki, bu kitab AAC-ın təsis etdiyi “TEAS Press”in ilk nəşridir. Kitab siyasi, sosial xarakter daşıyır və Böyük Britaniyada böyük nüfuza malikdir.
Kitabda geostrateji əhəmiyyətə malik bir sıra məsələlərin müzakirə olunduğunu diqqətə çatdıran T.Heydərov bu baxımdan nəşrin Azərbaycan dilinə tərcümə edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, dünyada baş verən qlobal hadisələr barədə geniş və maraqlı fikirlərə malik müəllif müasir dünyanın qlobal problemlərinin irəli sürülməsi və onların izahı zamanı standart yanaşmalardan daha çox fərqli, alternativ və diskussiyalı mülahizələrə üstünlük verib.
AAC-ın sədri diqqətə çatdırıb ki, Liam Foksun bu kitabının tərcüməsi və nəşri Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin daha da möhkəmləndirilməsi və ölkəmizin dünyada tanıdılması işinə töhfədir.
Qeyd edilib ki, “TEAS Press” nəşriyyat evi Azərbaycanda nəşriyyat işinə dəstək verilməsi, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcümə edilməsi və nəşr olunması, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə verilməsi məqsədilə təsis edilib. Türkiyədə filialı olan nəşriyyat evinin tərkibində “3 alma” Uşaq ədəbiyyatı nəşriyyatı da yaradılıb. Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair 40-dək kitab ilk dəfə türk dilinə tərcümə olunaraq nəşrə hazırlanıb.
Kitabın redaktorlarından biri, tarix elmləri doktoru, professor Kərim Şükürov qeyd edib ki, nəşr orijinallığı, nadirliyi ilə seçilir və müəllifin dərin müşahidələri diqqəti cəlb edir. Qeyd edilib ki, kitabda müəllif müasir dünyanın problemləri ilə bağlı məsələləri, faktları məharətlə ümumiləşdirib və nəticələr çıxarıb. Kitab müəllifin nikbin baxışları ilə sona çatır.
L.Foks çıxış edərək kitabın Azərbaycan dilinə tərcüməsi və nəşrinə görə AAC-ın rəhbərliyinə təşəkkürünü bildirib. O, nəşrin geniş auditoriya üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Müəllif kitabın ön sözündə Azərbaycanın tarixi, müasir vəziyyəti, dünyada yeri və rolu haqqında obyektiv fikirlərini ifadə edib.