MƏDƏNİYYƏT
Bakıda Çin dilində mahnı müsabiqəsi keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının nəzdindəki Konfutsi İnstitutunun yaranmasının altıncı ildönümü münasibətilə Çin dilində mahnı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli bildirib ki, Azərbaycanda Çin dilinin tədrisinin inkişafına həsr olunan müsabiqənin təşkilinin məqsədi ölkəmizdə bu dilə marağı artırmaqdır. O diqqətə çatdırıb ki, bu il Konfutsi İnstitutunun yaranmasının altıncı ildönümü münasibətilə Bakıda bir sıra tədbirlər keçiriləcək.
BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaocı bildirib ki, bu gün Çin dilini, ümumiyyətlə, Çin mədəniyyətini sevənlərin bayramıdır. 2011-ci il aprelin 22-də BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. Ötən altı il ərzində bir çox çətinliklərin öhdəsindən gəldik, uğurlar əldə etdik. Hər il Azərbaycanda Çin dilinə artan maraq buna əyani sübutdur.
Çinin Azərbaycandakı səfirinin katibi Zheng Haining səfir Vey Cinhuanın təbriklərini tədbir iştirakçılarına çatdırıb. Zheng Haining bildirib ki, Çin mahnıları təkcə gözəl və melodik səslənməsi ilə deyil, həm də Çinin tarixi və mədəniyyətini əks etdirməklə insanların marağına səbəb olur. Bu gün belə bir tədbirin keçirilməsi Azərbaycan-Çin münasibətlərinin inkişafından xəbər verir.
Sonra müsabiqə çərçivəsində Çin dilini öyrənən, Çin milli mədəniyyətini sevən azərbaycanlılar bilik və bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar yarışa fərdi və ya qrup şəklində qatılıblar. Müsabiqədə Konfutsi İnstitutunun tələbələri ilə yanaşı, Çin dilini öyrənən digər gənclər də iştirak ediblər.
Müsabiqənin sonunda ilk üç yerə layiq görülənlərə və fərqlənənlərə mükafatlar təqdim olunub. Sertifikat alanlar arasında AZƏRTAC-ın əməkdaşları Pərvanə Rəhimova və Aynur İsmayılova da olub.