SİYASƏT


Bakıda Çinin milli bayramı qeyd edilib

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Çin Xalq Respublikasının yaradılmasının 67-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Vey Cinhua çıxış edərək Çinin inkişaf yolundan danışıb, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.

Səfir deyib ki, Çin və Azərbaycan sadiq dost və etibarlı tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələri qarşılıqlı inam və hörmət əsasında inkişaf edir. Çin Azərbaycanın ənənəvi dostluq və səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Diplomat əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində ikitərəfli münasibətlər xalqlarımızın mənafeyinə və maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcək.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan hökuməti adından Çin xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb.

Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən nazir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini deyib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycanın və Çinin beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiyini qeyd edən nazir rəsmi Pekinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatlarda, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.