SİYASƏT


Bakıda “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Bakıda “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatı (BMT), İqtisadiyyat Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri qəbul edilib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar. Bu gün qadınlarımızın əldə etdikləri yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlıdır. Əlavə edib ki, qadınlar ölkəmizin həyatında mühüm rol oynayırlar. Ancaq qadınların rolu daha da artırılmalıdır. Azərbaycanda gender məsələlərinə həssaslıqla yanaşılır. Gender bərabərliyinin təmin edilməsi cəmiyyətin inkişafı üçün qadınların potensialından istifadə imkanı yaradır. İctimai işlərdə, iqtisadiyyat və digər sahələrdə qadınların potensialından nə qədər çox istifadə edilirsə, cəmiyyət də o qədər çox sürətlə inkişaf edir.

Baş nazirin müavini vurğulayıb ki, beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada kişilərin 70, qadınların 46 faizi ictimai fəaliyyətə cəlb edilib. Ancaq dünyada bütövlükdə görülən işlərin üçdə ikisini qadınlar yerinə yetirirlər. Bura ev təsərrüfatı da daxildir. Görülən işlərin üçdə ikisini yerinə yetirmələrinə baxmayaraq, yaradılan dəyərlərin yalnız 10 faizi qadınlara çatır. Dünyada təhsil almaqdan məhrum olanların üçdə ikisi də qadınlardır. BMT-nin hesablamalarına görə, dünyada hər dəqiqə doğuş zamanı 1, il ərzində 500 minə qədər qadın həyatını itirir.

Əli Əhmədov Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəal iştirakı, onlar üçün yaradılan şərait barədə də söhbət açıb. O, qadınların ictimai sferada, iqtisadi fəaliyyət sahəsində iştirakının artması ilə cəmiyyətin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb. Bildirib ki, təhsil, səhiyyə sahələrində qadınların iştirakı kişilərdən xeyli üstündür. Bu sahədə çalışanların təxminən 70 faizindən çoxu qadındır. Bu, Azərbaycan qadınlarının savadlı olmasını aydın göstərir. Bələdiyyələrdə təxminən 30 faizdən artıq qadın təmsil olunur.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirməsi məsələsinə toxunan Əli Əhmədov bildirib ki, bunun üçün hökumətimiz bütün qüvvəsini səfərbər edib.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai bildirib ki, Azərbaycanda gender bərabərliyinə xüsusi diqqət yetirilir. Qadınlar sosial sahələrdə daha çox fəallıq nümayiş etdirirlər. Bir sıra ölkələrdə qadınlar parlamentdə və digər dövlət işlərində təmsil olunurlar. Ancaq təəssüf ki, qadınlara qarşı ayrı-seçkiliyin mövcud olduğu ölkələr də var. Azərbaycanda isə gender bərabərliyi inkişaf edir, qadınların ictimai həyatda iştirakı artır. Hətta Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. İslam dinində də qadınların ictimai həyatda fəal olmaları barədə nümunələr var. Azərbaycan gender bərabərliyi ilə bağlı bir sıra konvensiyalara qoşulub. Azərbaycanda qadınlar ölkə rəhbərliyində də təmsil olunur. Bu sahədə işlərin davam etdirilməsi önəmlidir. Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyinə xüsusi önəm verilir. Biz əmin olmalıyıq ki, Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi ilə bağlı komponentləri də uğurla yerinə yetirilir. Qadınların iqtisadi həyatda rolunun artırılmasına daha çox önəm verilməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova nəzərə çatdırıb ki, 2012-ci ildə sahibkarlar arasında qadınlar 17 faiz təşkil edirdisə, 2017-ci ilin əvvəlində bu göstərici 21 faizə çatıb. 78 rayon icra hakimiyyətindən 71-də icra başçılarının müavinləri qadınlardır. Azərbaycanda qadın alverinin və uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ardıcıl işlər görülür. Azərbaycan hökuməti uşaqların, qadınların təhsilinə xüsusi diqqət yetirir. Bu sahədə fəallığın artırılması qarşımızda əsas vəzifə kimi dayanır. Qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var və bu sahədə maarifləndirmə işlərini artırmalıyıq. Komitə sədri Dayanıqlı İnkişaf Məqsədlərinin tədris proqramlarına daxil edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, qadınların nə dərəcədə inkişaf komponenti kimi çıxış etməsinə diqqət yetirmək lazımdır. “Qadınlar cəmiyyətin ayrılmaz hissəsidir. Biz, ümumilikdə, cəmiyyəti maarifləndirməliyik. Bu zaman dayanıqlı inkişaf da mümkün olacaq. Azərbaycanda qanunvericilik bazası və ənənələrimiz baxımından gender bərabərliyi ilə bağlı problem yoxdur. Necə olur ki, ailədə qadınlara hər şeyi etibar edirik, cəmiyyət və dövlət həyatında qadınları qərar qəbul etməyə nisbətən az buraxırıq?! Qadınların iştirakçılığının artırılması, ümumən, cəmiyyətin və dövlətin inkişafına xidmət edir”, – deyə Bahar Muradova əlavə edib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova cəmiyyətin inkişafında qadınların rolundan söhbət açıb. Nazir müavini ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, ictimai-siyasi, iqtisadi, mədəni proseslərdə qadınların fəal iştirak etdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışır, dövlət quruculuğu prosesinə layiqli töhfələr verirlər. Ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə iştirakı, gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.