İQTİSADİYYAT
Bakıda Dövlət Miqrasiya Xidmətinin və CEİBC-nin birgə biznes-forumu keçirilmişdir
Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da Bakıda Dövlət Miqrasiya Xidməti və Caspian European Club (CEIBC) tərəfindən təşkil edilmiş birgə biznes-forum keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin sədrliyi ilə keçirilən tədbirdə Azərbaycanın miqrasiya siyasətinin inkişafı perspektivləri, bu sahədə əsas meyllər və yeniliklər müzakirə edilmişdir.
CEİBC-dən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev biznes-hakimiyyət dialoqunun təşkil edilməsinə görə CEİBC-yə təşəkkürünü bildirmişdir. O, özəl sektor ilə dövlət müəssisələri arasında daha sıx və şəffaf əlaqə yaratmaq məqsədi ilə CEİBC çərçivəsində bu cürü görüşlər keçirilməsinin zəruri olmasını vurğulamışdır. Onun sözlərinə görə bu cür dialoq ölkə iqtisadiyyatının inkişafına kömək edir.
Görüşdə miqrasiya qanunvericiliyi məsələləri, bu sahədə inkişaf perspektivləri, habelə CEİBC şirkətlərini maraqlandıran məsələlər müzakirə olunmuşdur. Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, Azərbaycan dövlətinin miqrasiya siyasəti barədə ətraflı söhbət açmışdır. O həmçinin, “Caspian European Club” klubuna daxil olan şirkətlərin nümayəndələrinin suallarına cavab vermiş, onların üzləşdiyi problemlərə, o cümlədən miqrasiya siyasəti ilə bağlı və qanunvericilik xarakterli məsələlərə münasibət bildirmişdir.
Görüşün yekunlarına əsasən Dövlət Miqrasiya Xidmətinin işində rastlaşdığı problemlərə operativ münasibət bildirmək məqsədi ilə işçi qrup yaradılması haqda razılıq əldə edilmişdir. Firudin Nəbiyev biznesmenlərin üzləşdiyi problemlər və çətinliklər haqqında bilavasitə ilk mənbədən xəbər tutmaq imkanı yaradılmasına görə “Caspian European Club”a təşəkkürünü bildirmişdir.
Biznes-forumda Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Tənzimlənməsi Baş İdarəsinin rəisi İsmayıl Abdullayev də iştirak etmişdir.
“Caspian European Club”un (CEIBC) baş icraçı direktoru Telman Əliyev biznes-forumda çıxış edərək konstruktiv dialoqa, habelə bu tədbirin gedişində CEIBC üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə diqqətlə yanaşdığına görə Firudin Nəbiyevə təşəkkürünü bildirmişdir.
T.Əliyev bu ilin noyabrında Tbilisidə keçiriləcək II Beynəlxalq “Caspian Energy Forum–2014” barədə ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, bir gün üçün nəzərdə tutulan konfransın proqramı iki hissədən ibarətdir. Birinci hissədə neft-qaz, energetika və ekologiya sahələrinin inkişafı nəzərdən keçiriləcəkdir. Qeyri-neft sektorunun inkişafına həsr edilmiş seksiyada isə “Caspian European Financial Forum”, “Caspian European Tourism Forum”, “Caspian European Investment Forum” və “Caspian European Infrastructure Forum” tematik forumları nəzərdə tutulur.
O qeyd etmişdir ki, CEİBC 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılmışdır. T.Əliyevin sözlərinə görə, CEİBC yaradıldığı andan neft sahəsindən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Dünyanın 50 ölkəsində fəaliyyət göstərən CEİBC dövlət strukturları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi üzrə fəal iş aparır.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevə CEİBC-nin fəxri üzvü sertifikatı təqdim edilmişdir.