İDMAN
Bakıda Dünya Şahmat Olimpiadasında iştirak edəcək Rusiya yığmalarının heyətləri məlum olub
Bakı, 13 avqust, AZƏRTAC
Xəbər verildiyi kimi, 42-ci Dünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 13-dək Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Artıq həmin yarışlarda iştirak edəcək bütün komandaların heyətləri turnirin rəsmi saytında dərc edilib.
AZƏRTAC xəbər verir ki, kişilərin turnirində əsas favoritlərdən biri Rusiya yığması olacaq. Orta reytinqi 2760-a bərabər olan Rusiya komandası aşağıdakı heyətdə çıxış edəcək: Vladimir Kramnik (2808), Sergey Karyakin (2769), Aleksandr Qrişşuk (2754), Yan Nepomnyaşşiy (2740), Yevgeni Tomaşevski (2731). Komandanın baş məşqçisi və kapitanı Rusiya Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Andrey Filatovdur.
Rusiyanın qadın şahmatçılardan ibarət yığma komandasına bu şahmatçılar daxildir: Aleksandra Kostenyuk (2538), Valentina Qunina (2520), Natalya Poqonina (2484), Aleksandra Qoryaçkina (2475), Olqa Girya (2452). Komandanın baş məşqçisi və kapitanı Sergey Rublevskidir.
Xatırladaq ki, Dünya Şahmat Olimpiadasında oyun günləri 2-6 sentyabr və 8–13 sentyabr tarixlərinə düşür.