CƏMİYYƏT
Bakıda Dünya Skaut Komitəsinin yeni sədri və sədr müavinləri seçilib VİDEO
Bakı, 18 avqust, AZƏRTAC
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının sonuncu günündə - avqustun 18-də Dünya Skaut Komitəsinin sədri və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən gün Dünya Skaut Komitəsinin yeni seçilmiş 12 üzvünün gizli səsverməsi nəticəsində təşkilatın yeni sədri Böyük Britaniya nümayəndəsi Qreq Turpi seçilib. Sədrin müavinləri vəzifəsinə isə ABŞ nümayəndəsi Edvard Endryu Çapman və Qana nümayəndəsi Cemima Narti seçiliblər.
Tədbirdə dünyada skaut hərəkatında öz töhfəsini vermiş 11 nəfərə “Bürünc canavar mükafatı” (“Bronze Wolf Award”) təqdim olunub.
Daha sonra 8 skaut təşkilatının və assosiasiyasının rəhbərlərinə 2014-2017-ci illərdə milli skaut hərəkatının 100 illik yubileyini qeyd etmiş ölkələrin nümayəndələrinə diplomlar verilib.
Qeyd edək ki, “Bürünc canavar mükafatı” Britaniyalı lord Baden Pauell tərəfindən təsis olunub. Mükafatın məhz bürünc canavar olması rəmzi xarakter daşıyır. Lord Baden Pauellin fikrincə, əgər canavar qızıl olsa insanlar maddi tərəfi düşünəcək, burada isə əsas gördüyün işlərin mənəvi tərəfidir.