CƏMİYYƏT
Bakıda Dünya Xərçənglə Mübarizə Günü qeyd edilib
Bakı, 4 fevral, AZƏRTAC
4 fevral - Dünya Xərçənglə Mübarizə Günüdür. Bu tarix 2005-ci ildə Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi tərəfindən təsis edilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar fevralın 4-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən tədbir keçirilib.
Tədbirdə bildirilib ki, Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini aktuallığı hər il artan bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.
Azərbaycanda Dünya Xərçəng Günü hər il təntənəli şəkildə qeyd olunur. Geniş əhali arasında xərçəng xəstəliyinin profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair məlumatlandırılması məqsədilə Milli Onkologiya Mərkəzi tərəfindən Bakı və regionlarda silsilə maarifləndirmə tədbirləri təşkil edilir.
Maarifləndirmə tədbirləri zamanı Azərbaycanda tez-tez rast gəlinən xərçəng xəstəlikləri, o cümlədən, ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçənginə dair vətəndaşlara faydalı məlumatlar verilir.
Tədbir zamanı əhali arasında xüsusi hazırlanmış bukletlər paylanılıb. Milli Onkologiya Mərkəzinin təcrübəli həkimləri vətəndaşların xərçəng xəstəliklərinə dair suallarını cavablandırıblar.