SİYASƏT
Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq “dəyirmi masa” keçiriləcək
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 28-29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq “dəyirmi masa” keçiriləcək. Bu barədə AZƏRTAC-a BBMM-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları - ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, Özbəkistandan tarixçi Söhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev iştirak edəcəklər.
Məlumdur ki, Azərbaycanda multikulturalizm xalqın həyat tərzi kimi böyük tarixi inkişaf yolu keçərək bu gün dövlətin əsas siyasi xətlərindən birinə çevrilib. Lakin bu inkişaf yolu tarix boyu “qara zolaq”la – terrorla üzləşib, xüsusilə də erməni terrorunun intensiv olduğu dövrlər multikulturalizmin qarşısında başlıca qanlı maneə kimi durub.
“Böyük Ermənistan” və “erməni soyqırımı” əfsanələrini uyduran erməni millətçiləri bu bayraqlar altında XX əsrin əvvəllərində Şərqi Anadoludan Fərqanəyədək geniş bir məkanda dilindən, dinindən, yaşından və cinsindən asılı olmadan dinc, mülki əhaliyə qarşı soyqırımı siyasəti aparın, milyonlarla insan - Anadolu türkləri, özbəklər, türkmənlər, farslarla bərabər, Azərbaycanda yaşayan xalqlar – azərbaycanlılar, ləzgilər, tatlar, yəhudilər, kürdlər, almanlar, ruslar, gürcülər, hətta ermənilər özləri belə bu erməni terrorunun qurbanı olublar. XX əsr boyu törədilən erməni terrorunun səbəbini erməni millətçiləri 1965-ci ilə qədər gündəmə gətirmədikləri və sonradan uydurduqları “erməni soyqırımı”nın qisası kimi göstərib və bu ad altında öz cinayətlərini davam etdiriblər.
XX əsrin sonlarında isə Ermənistanda terroru dövlət səviyyəsinə qaldıran hakim dairələrin məqsədyönlü etnik təmizləmə siyasətinə etnik ermənilərdən başqa bütün digər xalqlar - azərbaycanlılar, kürdlər, aysorlar, yunanlar, ruslar, ukraynalılar və beloruslar məruz qaldılar. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni terroru ilə üzləşən yüz minlərlə azərbaycanlı ilə bərabər, minlərlə kürd əsilli insan kompakt şəkildə yaşadıqları Ermənistan SSR-dən qovuldu və onlara həyan olan Azərbaycan torpağında bu gün də məcburi köçkünlük həyatını yaşamaq məcburiyyətində qalmaqdadır.
Bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müxtəlif ölkələrdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində silsilə konfranslar və “dəyirmi masa”lar keçirmək təşəbbüsü ilə çıxış edir. Dünya təcrübəsi göstərir ki, multikulturalizm boğulan yerdə terror ətrafa ölüm saçır, terror olmayan yerdə isə multikulturalizm çiçəklənir. “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq “dəyirmi masa” göstərilən geniş layihənin ilk səhifəsidir.
“Dəyirmi masa” iyunun 28-də “Erməni terroru: mahiyyəti və tarixi”, “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı”, “Erməni terroru və Azərbaycan kürdləri”, “Erməni terrorunun hüquqi və mənəvi ölçüləri”, “Erməni terroru yeni nəşrlərdə (kitabların təqdimatı)” mövzusunda panellərdə işini davam etdirəcək.
Tədbirin ikinci günü iştirakçılar və qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.
“Terror multikulturalizmə qarşı” adlı layihənin icrası ilə bağlı daimi təşkilat komitəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, BBMM-in icraçı direktoru Azad Məmmədov və AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Rüstəmova - Tohidi təmsil olunurlar.